REGİONLAR
“Naxçıvan bəstəkarlarının uşaq mahnıları” adlı kitabın təqdimat mərasimi olub
Naxçıvan, 15 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə muxtar respublikanın Bəstəkarlar Təşkilatı Heydər Əliyev Sarayında “Naxçıvan bəstəkarlarının uşaq mahnıları” kitabının təqdimat mərasimini keçirib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova mahnı janrının Azərbaycan xalqının musiqi yaradıcılığında ən qədim və sevilən janrlardan biri olduğunu vurğulayıb. Qeyd edib ki, məişət mahnılarının önəmli hissəsini təşkil edən musiqi janrlarından biri də uşaq mahnılarıdır və bu janr Azərbaycan musiqisində özünəməxsus yerə malikdir.
Diqqətə çatdırılıb ki, bu günlərdə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində Naxçıvanda yaşayıb fəaliyyət göstərən bir qrup naxçıvanlı bəstəkarın əsərlərindən ibarət “Naxçıvan bəstəkarlarının uşaq mahnıları” adlı musiqi kitabı işıq üzü görüb. Kitabda Naxçıvan Muxtar Respublikasında yaşayıb-yaradan bir sıra bəstəkarın, o cümlədən muxtar respublika Bəstəkarlar Təşkilatının sədri, muxtar respublikanın Əməkdar İncəsənət Xadimi Yaşar Xəlilovun, Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət xadimləri Şəmsəddin Qasımovun, Kamal Əhmədovun, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Vidadi Heydərovun, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədovanın və Naxçıvan Dövlət Universitetinin Fortepiano kafedrasının müəllimi Fəridə Ağayevanın uşaqlar üçün bəstələdikləri mahnılar yer alıb.
“Buradakı mahnılar əsas etibarilə uşaq dilinə yatımlılıqları ilə seçilir. Bəstəkar musiqisi ilə milliliyin uğurlu sintezi kimi təqdim olunan kitabdakı mahnılar naxçıvanlı şairlərin sözlərinə bəstələnmiş mahnılardır”, – deyən Natəvan Qədimova bildirib ki, kitabda sözlərinə mahnı bəstələnmiş şeirlər Vətənimizin, eləcə də ölkəmizin ayrılmaz parçası olan Naxçıvanın tərənnümünə və bəşəri ideyaların təbliğinə həsr olunmuş yaradıcılıq nümunələridir. Həmin mahnılar uşaqlarda Vətənə, doğma el-obaya, ümumən, bəşəriyyətə sevgi, məhəbbət hissləri aşılamaqdadır. Kitabda, həmçinin xalqımızın illər uzunu yaddaşlarda yaşatdığı milli ideologiyamızı tərənnüm edən, sözün əsl mənasında, insan qəlbini riqqətə gətirən istər şeir, istərsə də mahnı formasında lirik parçalar diqqəti xüsusilə cəlb edir.
Vurğulanıb ki, kitabın təqdirəlayiq cəhətlərindən biri də burada olan mahnıların zəngin musiqi dilinə, müxtəlif alətlərin səslənmə rəngarəngliyinə və zənginliyinə malik olmalarıdır. Bu mənada, kitabdakı mahnılar hər bir dinləyicinin, xüsusilə uşaqların qəlbini fəth edəcək, onların musiqi zövqünün formalaşmasında mühüm rol oynayacaqdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilov və Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin dekanı, Bəstəkarlar Təşkilatının üzvü Günay Məmmədova çıxış ediblər.
Çıxış edənlər mədəniyyətimizə göstərilən diqqət və qayğıya, həmçinin elmi və mədəni dəyərə malik nəşrlərin çap olunmasına göstərilən dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.