REGİONLAR


Naxçıvan: daxili bazarın tərəvəz məhsullarına tələbatı yerli istehsal hesabına ödəniləcək

A+ A

Naxçıvan, 30 noyabr, AZƏRTAC

Muxtar respublikanın müxtəlif bölgələrində kənd təsərrüfatı məhsullarının istehsalında istixanalardan geniş istifadə olunur. Bu gün Naxçıvan şəhəri, Şərur, Babək, Culfa, Kəngərli, Ordubad rayonları da daxil olmaqla, ümumilikdə, 127 min 162 kvadratmetr sahədə 20 istixana təsərrüfatı fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir k, payız-qış mövsümünə hazırlıqla əlaqədar istixana komplekslərində 109 min 816 kvadratmetr sahədə əkin aparılıb. Bu tədbirlər mərhələli olduğu üçün əkin hazırda da davam etdirilir. Ümumiyyətlə, ilin ötən dövrü ərzində muxtar respublikadakı istixanalarda 125,9 ton məhsul yetişdirilərək satışa çıxarılıb. Hazırda muxtar respublikada tələbatın əsas etibarilə yerli istehsal hesabına ödənilməsinə nail olunub, daxili bazarda məhsul bolluğu yaranıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, istehsalçının maraqlarını təmin edən dövlət qayğısının nəticəsi olaraq bu ilin ötən dövründə istixana komplekslərinin yaradılması məqsədilə iki layihənin maliyyələşdirilməsinə 90 min 100 manat vəsait verilib. Ümumilikdə isə 2000-2016-cı illərdə Sahibkarlığa Kömək Fondu tərəfindən 23 layihənin maliyyələşdirilməsinə 4 milyon 488 min 600 manat maliyyə dəstəyi göstərilib.

Ekotester vasitəsilə məhsulun tərkibindəki radiasiya və nitratın (azot) normaya uyğunluğu mütəmadi olaraq nəzarətdə saxlanılır. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin laboratoriyası tərəfindən istixana komplekslərində yetişdirilən məhsullardan 1463 halda səyyari laboratoriya təhlilləri aparılıb və göstəricilərin normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilib.

Muxtar respublikadakı istixana kompleksləri növbəti qış mövsümündə də daxili bazarın tərəvəz məhsullarına tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.