REGİONLAR
Naxçıvan: elektron məlumat bankına qısa zamanda 4200-dən çox uşaq barədə məlumat daxil edilib
Naxçıvan, 25 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə dair bu ilin fevral ayında yaradılan elektron məlumat bankına artıq 4242 uşaq haqqında fərdi məlumatlar daxil edilib.
Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, uşaqlar haqqında məlumat bazası elektron məlumat bankının mərkəzi serverində yerləşir və bura hər bir uşaq barədə fərdi məlumatlar daxil olunur.
Ötən müddət ərzində fərdi qaydada uşaq hüquqları haqqında məlumat bankında 4242 uşağın adı, soyadı və atasının adı, doğulduğu tarix, doğumunun qeydiyyata alındığı yer, yaşadığı ünvan, şəxsiyyət vəsiqəsinin və ya doğum haqqında şəhadətnaməsinin seriya və nömrəsi, ata və anasının yaşadığı ünvan və vətəndaşlıq vəziyyətləri, doğum və ölüm tarixləri, valideynlərinin nikah vəziyyəti ilə bağlı məlumatlar yerləşdirilib. Bundan əlavə, uşaqların qeydiyyatda olduğu səhiyyə və təhsil aldığı müəssisələr, sağlamlıq tarixçəsi, müalicə aldığı səhiyyə müəssisəsi, xüsusi təhsil və idman nailiyyətləri, uşaqlara təyin edilmiş əmək pensiyası və yaxud sosial müavinətlər, ünvanlı sosial yardım təyin edilmişdirsə məbləği və verilmə müddəti kimi məlumatlar da uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankında göstərilir.
Elektron məlumat bankına uşaqlar haqqında məlumatların daxil olunması və onların təhlili davam etdirilməkdədir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının fəaliyyətinin təmin edilməsi ayrıca müddəa kimi göstərilib.
Müvafiq sənəddən irəli gələn məsələləri həll etmək üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 23 yanvar tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası” təsdiq edilib.