REGİONLAR


Naxçıvan: ətraf mühitin mühafizəsi ilə bağlı silsilə aksiyalar davam edir

Naxçıvan, 5 iyun, AZƏRTAC

5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında keçirilən aksiyalar muxtar respublikanın bütün bölgələrində davam etdirilir.

AZƏRTAC xəbər verir ki, gənclərin iştirakı ilə Babək rayonunun ərazisində yerləşən Uzunoba Su Anbarı ətrafında “Hərəmiz bir ağac əkək” aksiyası keçirilib. Aksiyanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman, Təhsil nazirlikləri və Yeni Azərbaycan Partiyasının müvafiq rayon təşkilatlarının Heydər Əliyev adına gənclər birlikləri təşkil ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi muxtar respublikada diqqət mərkəzində saxlanılır. Ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin mühüm rolu var. Ona görə də muxtar respublikada əhalinin, xüsusən böyüməkdə olan nəslin ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəsildə ekoloji mədəniyyətin formalaşdırılması və onların ətraf mühitin mühafizəsinə cəlb olunması diqqət mərkəzində saxlanılır, bu məqsədlə ardıcıl tədbirlər görülür.

Qeyd edilib ki, muxtar respublikanın coğrafi mövqeyi, relyefi, təbii iqlim və torpaq xüsusiyyətləri, su potensialı nəzərə alınaraq ən mühüm ekoloji tədbir kimi yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirlərinə diqqət yetirilir, xüsusi mühafizə olunan təbiət əraziləri yaradılır.

Aksiya iştirakçıları daha sonra Uzunoba gölünün ətrafındakı ərazidə meşə tingləri əkib, ağaclara qulluq göstərib, ərazini alaq otlarından təmizləyiblər.

Qeyd edək ki, bu gün təhsil müəssisələrinin ətrafında “Yaşıllıqlara qulluq” aksiyaları da keçiriləcək. Naxçıvan Dövlət Universitetinin ərazisində tullantıların yandırıldığı tonqalın ətrafında gənclərin əhaliyə müraciəti oxunacaq. Nəbatat bağında gənclərin iştirakı ilə “Ətraf mühiti necə qoruyuruq?” mövzusunda diskussiya və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Ətraf mühit və biz” mövzusunda gənclərin rəsm əsərlərindən ibarət sərgi-müsabiqə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.