REGİONLAR
“Naxçıvan folklor mətnlərində yaşayan tarix” adlı monoqrafiya işıq üzü görüb
Naxçıvan, 26 oktyabr, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin institutlarında aparılan elmi-tədqiqat işlərində Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın tarixi, ədəbiyyatı, folkloru və digər elmi sahələri əhatəli şəkildə tədqiq olunur. Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Hüseynzadənin “Elm və təhsil” nəşriyyatı tərəfindən çapdan çıxmış “Naxçıvan folklor mətnlərində yaşayan tarix” adlı monoqrafiyasında da qədim diyarın folklorunun zənginliyi öz əksini tapıb.
AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, kitabın nəşrində məqsəd Azərbaycan folklorunun tərkib hissəsi olan Naxçıvan folklor mətnlərində adların, xüsusi əhəmiyyətli sözlərin mənasını ətraflı araşdırmaq, folklorşünaslığı təbliğ etməkdir.
Monoqrafiyanın redaktoru filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoy, rəyçiləri - tanınmış folklorşünas mərhum Rafiq Babayev, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, filologiya üzrə elmlər doktoru Ramazan Qafarlıdır.
Yeni nəşr Naxçıvan Muxtar Respublikasının folklor nümunələrində yaşayan tariximizi daha dərindən öyrənmək istəyənlər üçün qiymətli mənbədir.