REGİONLAR


Naxçıvan: ilin əvvəlindən bəri 2 min 600-dən çox insan işlə təmin olunub

A+ A

Naxçıvan, 2 dekabr, AZƏRTAC

Bu ilin 11 ayı ərzində 2 min 607 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işə düzəldilib, 277 nəfər haqqıödənilən ictimai işlərə cəlb olunub.

AZƏRTAC xəbər verir ki, işlə təmin olunanların 657-si qadınlar, 1066-sı gənclər, 103-ü sağlamlıq imkanları məhdud şəxslər, 31-i hərbi xidmətdən yeni tərxis olunan gənclər, 7-si cəzaçəkmə müəssisəsindən azad olunanlar, 96-sı isə aztəminatlı ailələrin əmək qabiliyyətli üzvləridir.

Qeyd olunan dövrdə 73 nəfər kəndlərdə fəaliyyət göstərən xidmət mərkəzlərində müvafiq işlə təmin olunub. Tətil günlərində işləmək istəyən tələbələrin mövsümi işlərə göndərilməsi istiqamətində görülən tədbirlər davam etdirilib, 33 tələbə müvəqqəti xarakterli işlərə göndərilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, keçirilmiş əmək yarmarkalarında 352 nəfər, həmçinin təhsil və səhiyyə müəssisələrində keçirilən əmək yarmarkalarında isə, ümumilikdə, 297 nəfər münasib işlə təmin edilib.

Naxçıvan Regional Peşə Tədris Mərkəzində bu dövrdə əmək bazarının tələbləri nəzərə alınaraq təşkil edilən müxtəlif peşə sahələri üzrə kurslara 389 nəfər, o cümlədən məhdud fiziki imkanlı 47 nəfər, hərbi xidmətdən tərxis olunan 14 nəfər, cəzaçəkmə müəssisəsindən azad olunan 1 nəfər, həmçinin ixtisasartırma kurslarına 93 nəfər, Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində təşkil olunan peşə kurslarına isə 34 nəfər cəlb edilib. Hazırda Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində bərbər peşəsi üzrə kurs davam edir. Həmçinin dayə, qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər, qazanxana maşinisti, aşpaz köməkçisi və teleaparıcı peşələri üzrə yeni kurslara başlanıb.

Məhdud fiziki imkanlı 23 şəxs tərəfindən toxunan 3 min cüt yun corab və 700 ədəd yun şərf əsgərlərimizə təhvil verilib. “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosialyönümlü haqqıödənilən ictimai işə 11 nəfər xalçatoxuyan evdar qadın cəlb olunub. Onlar tərəfindən toxunan xalçalar təhvil alınıb, Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında təşkil olunan sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışda nümayiş etdirilib. Tədbirdə sağlamlıq imkanları məhdud 12 şəxsin, ümumilikdə, 2023 manat məbləğində 5 rəsm və 33 əl işi satılıb. Fərdi təsərrüfatlarını inkişaf etdirmək üçün 2 aztəminatlı ailəyə kömək göstərilib.

Bu ilin ötən 11 ayı ərzində muxtar respublikanın məşğulluq xidməti orqanlarında işsiz statusu alan olmayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası istiqamətində tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.