REGİONLAR
“Naxçıvan” jurnalının yeni nömrəsi Eynəli bəy Sultanovun 150 illik yubileyinə həsr olunub
Naxçıvan, 23 noyabr, AZƏRTAC
“Naxçıvan” jurnalının 34-cü nömrəsi Eynəli bəy Sultanovun 150 illik yubileyinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, jurnalda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Eynəli bəy Sultanovun anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il fevralın 15-də imzaladığı Sərəncam və həmin Sərəncamla təsdiq edilmiş Tədbirlər Planının mətni yer alıb.
Jurnalın 34-cü nömrəsində İsa Həbibbəylinin, Əhməd Cəfəroğlunun, İzzət Maqsudovun, Hüseyn Həşimlinin, Elxan Məmmədovun, Ramiz Qasımovun və digər alimlərin məqalələri nəşr edilib. Məqalələrdə görkəmli yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanovun həyat və yaradıcılığından bəhs olunur, onun maarifçilik ideyalarına, Vətən, millət və dil haqqında fikirlərinə diqqət çəkilir. Azərbaycan ədəbiyyatı, mətbuatı və teatrı, habelə, ictimai fikir tarixində mühüm yer tutan Eynəli bəy Sultanovun xidmətləri jurnalda yer alan məqalələrdə bir daha diqqətə çatdırılır.