REGİONLAR
“Naxçıvan” komandası karate-do üzrə Naxçıvan Muxtar Respublika açıq çempionatının qalibi olub
Naxçıvan, 10 may, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda karate-do üzrə Naxçıvan Muxtar Respublika açıq çempionatının qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov çıxış edərək, ulu öndər Heydər Əliyevin idman siyasətindən, Azərbaycanda bu sahəyə göstərilən dövlət qayğısından bəhs edib, iştirakçılara uğurlar arzulayıblar.
12 yaş qrupunda 47 çəki dərəcəsində 200-ə yaxın idmançının iştirak etdiyi yarışda “Naxçıvan” komandası I yerə layiq görülərək, yarışın kubokunu qazanıb. II yerə Bakı şəhər, III yerə Babək rayon komandası layiq görülüb.
Qalib komandalara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının diplomu, medal və kubokları təqdim olunub.