REGİONLAR


Naxçıvan məhsullarının ixrac coğrafiyasına Türkiyə, Gürcüstan, BƏƏ, İran, İraq və digər ölkələr daxildir

Naxçıvan, 1 avqust, AZƏRTAC

Bu gün muxtar respublikada istehsal olunan məhsullar Türkiyə, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, İran və İraq kimi ölkələrə ixrac olunur. İxrac edilən əmtəələr arasında ərzaq, tikinti, mebel, yüngül sənaye məhsulları üstünlük təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollegiya iclasında iqtisadiyyat naziri Famil Seyidov deyib. Nazir bildirib ki, bu il iyulun 25-də keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında qarşıya qoyulan mühüm vəzifələrin uğurla icrası üçün gələcəkdə daha səmərəli fəaliyyət göstərmək tələb olunur.

Qeyd edilib ki, 2017-ci ilin ötən dövründə iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 11 layihənin maliyyələşdirilməsinə 336 min manat həcmində güzəştli kreditlər verilib, 8-i özəl investisiya olmaqla, 18 istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb, ümumilikdə, 183 yeni iş yeri yaradılıb.

Nazir bildirib ki, muxtar respublikanın təbii sərvətlərindən səmərəli istifadə edilməsi, xüsusən kəndlərdə dayanıqlı istehsal sahələrinin yaradılması və məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə ötən altı ayda dövlət və özəl investisiya hesabına 12 yeni istehsal və xidmət sahəsi yaradılıb.

Muxtar respublikada yüksək məhsuldarlığa malik keyfiyyətli toxum növlərinin, xüsusilə yerli genefonda daxil olan növlərin yetişdirilməsi, toplanması və fermerlərə satışının təşkili diqqət mərkəzindədir.

Əhalinin ərzaq məhsulları ilə təmin olunması istiqamətində ailə təsərrüfatlarının rolundan bəhs edən nazir diqqətə çatdırıb ki, ötən dövrdə belə təsərrüfatların fəaliyyətini dəstəkləmək məqsədilə 201 çoxsahəli təsərrüfatda maarifləndirici tədbirlər həyata keçirilib, 9 ailə təsərrüfatına 195 min 700 manat dövlət maliyyə dəstəyi göstərilib. Bu sahədə verilmiş tapşırıqların tam icrası məqsədilə qarşıdakı dövrdə muxtar respublikanın bütün rayonlarının imkanlarını təhlil etməklə çoxsahəli ailə təsərrüfatlarının formalaşdırılması istiqamətində layihələrin hazırlanması davam etdiriləcək.

Muxtar respublikanın ixrac potensialının genişləndirilməsi ilə bağlı məsələlərə toxunan nazir vurğulayıb ki, ötən il investisiya və ixracın təşviq edilməsi sahəsində imzalanmış fərman və sərəncamlar muxtar respublikanın iqtisadi inkişafında, xarici iqtisadi əlaqələrin genişləndirilməsində yeni mərhələnin başlanğıcını qoyub. Həmçinin muxtar respublikada yaradılmış əlverişli biznes mühitinin təşviqi təmin olunub. O cümlədən iş adamlarının xarici ölkə sahibkarları ilə qarşılıqlı əlaqələrinin daha da yaxşılaşdırılması məqsədilə ölkə daxilində və xaricdə keçirilən 14 biznes-forumda, eləcə də beynəlxalq sərgidə 73 sahibkar, Çin Xalq Respublikasında keçirilən seminarlarda isə nazirliyin 3 əməkdaşı iştirak edib.

Sonra məruzə ətrafında çıxışlar olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.