SİYASƏT


Naxçıvan məktəbliləri Heydər Əliyev Mərkəzi ilə tanış olublar

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Naxçıvan Muxtar Respublikası məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət dörd qrup martın 18-də Bakıda Heydər Əliyev Mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, məktəblilərə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin zəngin irsinin dərindən öyrənilməsinə və tədqiqinə yönəlib. Bundan əlavə, Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə populyarlaşdırılmasına və təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.

Mərkəzdəki Heydər Əliyev Muzeyi şagirdlərdə böyük maraq doğurub.

Muzeyin “Fotolarda əks olunmuş həyat”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs və nailiyyətlər” bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim olunur.

Qonaqlar, həmçinin Mərkəzin “Azərbaycan inciləri” sərgisi ilə tanış olublar. Qeyd edilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətlərinə, çoxəsrlik tarixinə, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Sərgidə qədim sənətlərin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri yer alıb, mis məmulatlar xüsusi maraq doğurur. Azərbaycanın qədim musiqi alətləri orijinal formada – səsli təqdim olunur. Ölkəmizin milli geyimlərinin, qədim sikkələrinin nümayiş olunduğu ekspozisiyada naxçıvanlı məktəblilərin diqqətinə müxtəlif dillərdə müqəddəs kitablar da çatdırılıb.

Məktəblilər Bakıda və regionlardakı tarixi memarlıq abidələrinin maketlərini əks etdirən “Mini Azərbaycan” sərgisi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.