REGİONLAR
Naxçıvan mətbəxinin nümunələri FOTOREPORTAJ
Naxçıvan, 6 yanvar, AZƏRTAC
Azərbaycan qədim tarixə və mədəniyyətə, eyni zamanda rəngarəng və ecazkar mətbəxə malik olan ölkədir. Respublikamızın hər bir bölgəsinə xas olan yüksək mətbəx mədəniyyəti bunun bariz nümunəsidir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası da özünəməxsus mətbəxi ilə fərqlənir. Arxeoloji qazıntılar zamanı muxtar respublika ərazisində aşkar olunmuş gil ocaq qurğusu, kələ-kötür divarlı qazan, çölmək tipli qab qırıntıları, keramika məmulatları, dulusçuluq nümunələri və bu gün mətbəximizdə işlədilən avadanlıqlar Naxçıvanın mətbəx mədəniyyəti tarixinin çox qədimlərə dayandığını sübut edir.
Naxçıvan diyarının mətbəx mədəniyyətində bu bölgəyə xas olan yeməklər nənə və babalarımızın yaradıcılıq dünyasının genişliyindən xəbər verir. Qədim diyarımızın mətbəx mədəniyyətində rəngarənglik, müxtəlif əşyaların işlənməsi, qida məhsullarının çoxluğu min illər boyu formalaşmış zəngin irsin böyük inkişaf yolu keçdiyini, qorunaraq, yad təsirlərə müqavimət göstərərək bu günə gəlib çatdığını göstərir. Bu ləziz mətbəx nümunələrinə qonaqpərvərlik, qonağa ehtiram duyğularının da əlavə olunması, eyni zamanda, insanlarımızın mənəvi zənginliyinin göstəricisidir.
Milli mətbəximizin təbliği, tədqiqi, unudulmaqda olan milli mətbəx nümunələrinin toplanması işi bu gün muxtar respublikada uğurla aparılır. Azərbaycan milli mətbəxinin tərkib hissəsi olan Naxçıvan mətbəxi təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas tərkib hissələrindən biridir. Naxçıvan mətbəxi mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, gigiyenanı və mətbəxin digər aspektlərini, eləcə də əhalinin tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir.
Dadı və tamı ilə seçilən Naxçıvan mətbəxinin nümunələrini əks etdirən fotoları təqdim edirik.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu