REGİONLAR
Naxçıvan: payız-qış mövsümünə hazırlıq işləri sürətlə davam etdirilir
Naxçıvan, 30 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı avqustun 26-da keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə də bir sıra tapşırıqlar verilib. Bu tapşırıqların icrası bu gün diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində payız-qış mövsümünə hazırlıq işləri və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə çıxış edən muxtar respublikanın fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev həmin məsələlərə toxunub.
Nazir qeyd edib ki, 2016-2017-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı nazirlik tərəfindən müvafiq tədbirlər həyata keçirilərək struktur qurumların inzibati binalarında, yataqxana və yeməkxanalarında, texniki qarajlarda, ehtiyat anbarlarında və hamam-camaşırxanalarda cari təmir işləri aparılıb, su-kanalizasiya xətlərində olan nasazlıqlar aradan qaldırılıb. Muxtar respublikanın Mülki Müdafiə Alayında 3 aylıq ərzaq, əşya, yanacaq və köpük əmələgətirən maye ehtiyatları yaradılıb, 4 ədəd yanğınsöndürmə və 5 ədəd xüsusi təyinatlı avtomobillər təmir edilib. Hərbi hissənin yardımçı təsərrüfatından müxtəlif çeşidli meyvə və tərəvəz məhsulları tədarük edilərək əsgər normalarına uyğun şəxsi heyətin menyusuna əlavə edilib.
Bildirilib ki, muxtar respublikada yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün gündəlik olaraq 75-80 əməkdaş cəlb olunmaqla yanğına qarşı reydlər keçirilib, əhali arasında maarifləndirmə işləri aparılıb. Əhalinin yanğına qarşı maarifləndirilməsi üçün kütləvi informasiya vasitələrindən geniş istifadə edilib, 150 min nəfər yanğına qarşı təlimatlandırılıb. Təhsil Nazirliyi ilə birgə istilik sistemi olmayan 36 ümumtəhsil məktəbində müvafiq izahat işləri aparılıb.
Muxtar respublikanın yanğın-partlayış təhlükəli obyektlərində yaradılmış yanğın komandalarının peşə hazırlığının nəzarətdə saxlanıldığını bildirən Şamı Abdullayev deyib ki, “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının, “Dizayn Holdinq” Şirkətlər İttifaqının mebel fabriklərinə və Şahbuz Dövlət Təbiət Qoruğuna verilmiş yanğın avtomobilləri təmir edilib. Əhalinin 2 qrup fərdi mühafizə vasitələri ilə təmin edilməsi məqsədilə Ordubad və Culfa rayonlarında 2 yaşayış binasının zirzəmisi əsaslı şəkildə təmir edilərək həmin zirzəmilərə rayonların əhalisinin sayı qədər əleyhqazlar yığılıb.
Sonra fövqəladə hallar nazirinin müavini, daxili xidmət polkovnik-leytenantı Nurlan Həsənov, nazirliyin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi, polkovnik Baba Babayev, Mülki Müdafiə Alayının komandiri, polkovnik İspəndiyar Əhmədov, Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Şakir Ağalarov və başqaları payız-qış mövsümünə hazırlıqla bağlı ətraflı məlumat veriblər.