REGİONLAR


Naxçıvan: regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla reallaşdırılır FOTOREPORTAJ

Naxçıvan, 16 may, AZƏRTAC 

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq ölkəmizdə müasir iqtisadiyyatın qurulması və sosial sahənin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

İqtisadi və sosial sahələrin kompleks şəkildə inkişafı məqsədilə Prezident tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2008-ci, 2009-2013-cü və 2014-2018-ci illəri əhatə edən Dövlət proqramları yeni iş yerlərinin və müəssisələrin yaradılmasını, kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsini, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını təmin edib. Müvafiq dövlət proqramlarının muxtar respublikada icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq olunub.

İcrası uğurla başa çatdırılan dövlət proqramlarının və həyata keçirilən digər mühüm tədbirlərin nəticəsidir ki, muxtar respublikada bütün makroiqtisadi göstəricilərin müsbət meylliliyi təmin edilib, dinamik inkişaf qorunub saxlanılıb. Ötən dövrdə ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 2003-cü ildəki müvafiq göstəricini 14 dəfə üstələyərək 2013-cü ildə 2 milyard 339 milyon manat təşkil edib. Qeyd olunan dövrdə sənaye məhsulunun həcmi 49 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 5 dəfə, ixracın həcmi 97 dəfə, əhalinin gəlirləri və bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 10 dəfə artıb. Ümumilikdə, 2004-cü ildən 2014-cü il yanvarın 1-dək muxtar respublikada 58 min 350 yeni iş yeri yaradılıb ki, bunun da 41 min 891-i və ya 71,8 faizi daimi iş yeridir.

İqtisadiyyatın şaxələndirilməsini, əldə olunmuş uğurların davamlılığını təmin etmək məqsədilə qəbul olunmuş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində muxtar respublikada ardıcıl tədbirlər davam etdirilir.

Dövlət Proqramında Naxçıvan Muxtar Respublikası üzrə müəyyənləşdirilmiş ilk tədbirdə – bank və lizinq xidmətlərinin inkişaf etdirilməsi istiqamətində “Naxçıvanbank”ın Naxçıvan şəhərində, Şərur, Ordubad və Culfa rayonlarında yeni filialları istifadəyə verilib, ümumilikdə, banklar tərəfindən 2017-ci il aprelin 1-dək 57 min 800 müştəriyə xidmət göstərilib. Nağdsız hesablaşmaların genişləndirilməsi məqsədilə 2017-ci il aprelin 1-dək muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1231-ə çatdırılıb.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının maşın və mexanizmlər ilə təchizatını yaxşılaşdırmaq məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2014-cü ildə 276, 2015-ci ildə 187, 2016-cı ildə 102, 2017-ci ilin ilk rübündə 31 ədəd olmaqla, ümumilikdə, 596 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilib.

Aqrar sahədə mövcud sığorta sisteminin təkmilləşdirilməsi istiqamətində 2014-cü ildə 1024, 2015-ci ildə 983, 2016-cı ildə 1358, 2017-ci ilin ilk rübündə 631 vətəndaşın əkin sahəsi sığortalanıb.

Naxçıvan Muxtar Respublikasında gömrük infrastrukturunun inkişaf etdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilib, Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsinin inzibati binası, Culfa rayonunda “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati bina və anbar kompleksi istifadəyə verilib, Sədərək rayonunda Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin tikintisi davam etdirilib. Həmçinin muxtar respublikanın gömrük orqanları informasiya-kommunikasiya texnologiyaları və yeni avadanlıqlarla təchiz olunub.

Elmi-tədqiqat işlərinin müasir tələblər səviyyəsində aparılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin struktur bölmələri müxtəlif avadanlıqlarla təmin olunub, maddi-texniki baza gücləndirilib. Muxtar respublika ərazisində seysmoloji dəyişiklikləri qeydə almaq və təhlil etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Seysmoloji Xidmət mərkəzi istifadəyə verilib. Hazırda bölmədə 78 elmi işçi, 27 laborant fəaliyyət göstərir. Bölmənin elmi işçilərindən 2-si AMEA-nın həqiqi üzvü, 5-i AMEA-nın müxbir üzvü, 5-i elmlər doktoru, 50-si fəlsəfə doktorudur. 23 nəfər doktorant, 26 nəfər dissertant elmi tədqiqatla məşğul olur.

Qida təhlükəsizliyinin idarə edilməsi sistemlərinin tətbiqi və sertifikatlaşdırılması sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, qidalanmanın elmi prinsiplərinin təkmilləşdirilməsi və inkişafı istiqamətində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin mərkəzi qida sınaq laboratoriyasının maddi-texniki bazası möhkəmləndirilib, xarici ölkələrin təcrübələri öyrənilib, seminarlar təşkil olunub.

51 istehsal sahəsi yaradılıb, 11-nin yaradılması isə davam etdirilir

Naxçıvan Muxtar Respublikasında yeni sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi istiqamətində ötən dövrdə 51 istehsal sahəsi yaradılıb, 11 istehsal sahəsinin yaradılması hazırda davam etdirilir.

Zəruri infrastruktura malik ərazidə sənaye parkının yaradılmasının dəstəklənməsi istiqamətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Əsasnamə”yə uyğun olaraq 9 qayda təsdiq edilib, yaradılması nəzərdə tutulan sənaye parkının nizamnaməsi hazırlanıb. Sənaye parkında 32 layihə üzrə istehsal sahələrinin yaradılmasına dair təkliflər hazırlanıb, həmçinin sənaye parkı üçün yerin seçilməsi və iqtisadi əsaslandırılması həyata keçirilib, bu sahədə mövcud təcrübə öyrənilib.

Muxtar respublikada dağ-mədən sənaye müəssisələrinin fəaliyyətinin bərpası, yeni müəssisələrin yaradılması məqsədilə Ordubad rayonunun Piyazbaşı, Ağyurd, Şəkərdərə və Kələki filiz yataqlarında geoloji kəşfiyyat işlərinin aparılması və ehtiyatların hesablanması üzrə işlər yekunlaşdırılıb, əlavə tədqiqat işləri davam etdirilir.

“Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi məqsədilə ərazidə yerüstü topoqrafik xəritə və yeraltı iki şaxtanın markşeyder planı hazırlanıb, bu istiqamətdə tədbirlər davam etdirilir. Bundan əlavə, Culfa rayonunun Göydağ mis-porfir yatağında geoloji kəşfiyyat işləri aparılır.

Yerli xammalın mövcudluğunun müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılıb, yerli xammal əsasında yaradılması səmərəli hesab edilən sürmə, təbii və texniki bitki cövhəri, natrium xlorid, arsenli birləşmələr, bişmiş kərpic istehsalı, bərk məişət tullantılarının təkrar emalı üzrə layihələr hazırlanıb.

Muxtar respublikada ənənəvi sənətkarlıq sahələrinin bərpası və inkişafının dəstəklənməsi istiqamətində “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Xalq Yaradıcılığı Emalatxanası”nda ayrı-ayrı sənətkarlıq sahələri, o cümlədən ağac üzərində oyma, dekorativ-tətbiqi sənət, xalçaçılıq və rəssamlıq sahələri yaradılıb, “Məişət Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətində xalçaçılıqda istifadə olunan iplərin boyanmasına başlanılıb.

“Dizayn Holdinq” Kommersiya Şirkətləri İttifaqının nəzdində mis üzərində döymə və ağac üzərində oyma sənətləri üzrə emalatxana yaradılıb və kurslar təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisəsində cəzaçəkən məhkumlara xalçaçılıq və misgərlik sənəti üzrə kurslar təşkil olunub.

Muxtar respublikada hazırlanan əl işlərinin və sənət əsərlərinin satışı üçün dəstəkləyici tədbirlər həyata keçirilib, sərgilər təşkil olunub.

Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü və emalı sahəsində sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin göstərilməsi, onların gübrə və texnika ilə təminatının yaxşılaşdırılması, subsidiyaların və güzəştli şərtlərlə kreditlərin verilməsi prosesi davam etdirilib. Dövlət Proqramının icrası istiqamətində ötən dövrdə muxtar respublikada 15 heyvandarlıq, 5 quşçuluq, 16 istixana təsərrüfatı, ümumi tutumu 2 min 330 ton olan 9 soyuducu anbar yaradılıb, 7 heyvandarlıq və 1 quşçuluq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb. Hazırda 4 heyvandarlıq, 2 quşçuluq təsərrüfatının yaradılması davam etdirilir.

Muxtar respublikada üzümçülük plantasiyalarının salınması, gülçülük təsərrüfatlarının yaradılması və baramaçılığın bərpa edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir.

Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin meyvəçilik, tərəvəzçilik, üzümçülük və bəzək bitkiləri şöbəsində və Nehrəm “Meyvəçilik sort-sınaq” məntəqəsində süfrə və texniki üzüm sortlarının öyrənilməsi, onların genetik fondunun toplanması, keyfiyyət göstəricilərinin artırılması və tingçiliyin təşkili istiqamətində elmi-tədqiqat işləri aparılır. Üzümçülüyün inkişafı istiqamətində yerli resurslardan istifadə olunmaqla, üzüm bağlarının salınması üçün tinglərin becərilməsinə başlanılıb.

Ötən dövrdə Babək rayonunun Zeynəddin kəndində müxtəlif növ güllərin yetişdirilməsi üçün istixana kompleksi yaradılıb.

Muxtar respublikada aborigen meyvə sortlarının tədqiqi istiqamətində Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Ordubad dayaq məntəqəsində və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda ardıcıl tədbirlər davam etdirilib, meyvələrin sort və genofondu öyrənilib.

Yüksək reproduksiyalı, məhsuldar toxumla təminatı yaxşılaşdırmaq məqsədilə toxumçuluq təsərrüfatlarının genişləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunub. Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında imzalanan texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində ayrılan qrant hesabına Naxçıvan Muxtar Respublikası “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin toxumçuluq təsərrüfatına yeni kənd təsərrüfatı texnikaları və toxumçuluq laboratoriyası avadanlıqları təqdim olunub. Təqdim olunan 5 kombayn, 5 traktor, hər birinin tutumu 10 ton olan 4 yük maşını, 5 toxumsəpən, 5 filtr təmizləyici, avtobus, hidravlik ekskavator, yanacaq tankeri, toxumörtən, diskli kotan və dırmıqlar, 5 gübrəsəpən, 5 toxumtəmizləyən, 2 elevator, 80 tonluq elektron tərəzi, eləcə də digər maşın və avadanlıqlar yüksək iş imkanlarına malikdir. Yeni alınan elektro-termostatik inkubator, isitmə və qurutma sobası, mikroskop və digər avadanlıqlar hesabına toxumçuluq laboratoriyasında yüksək məhsuldarlığa malik, xəstəliyə, ziyanvericilərə və yerli iqlim şəraitinə dözümlü toxum sortları yetişdiriləcək, toxumların genofonduna və seleksiyasına nəzarət olunacaqdır. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.

Muxtar respublikada torpaqlardan səmərəli istifadə edilməsi üçün şəhər və rayonların əkin atlasları hazırlanıb və bu istiqamətdə ardıcıl maarifləndirmə tədbirləri davam etdirilir.

Dəvəçilik təsərrüfatının genişləndirilməsi məqsədilə Şərur rayonunun Tumaslı kəndində heyvandarlıq təsərrüfatında və Babək rayonunda damazlıq qaramal təsərrüfatında saxlanılan dəvələr və onlardan alınmış balalar zootexniki qaydalara uyğun bəslənilir. Şərur rayonunun Diyadin kəndində yeni dəvəçilik təsərrüfatı yaradılıb. Bununla yanaşı, həmin təsərrüfatda cins atlar da yetişdirilir.

Balıqçılığın inkişaf etdirilməsi və yeni təsərrüfatların yaradılması istiqamətində Naxçıvan şəhərində, Şərur rayonunun Aşağı Yaycı kəndində balıqçılıq təsərrüfatları istifadəyə verilib. Kəngərli rayonunda “Asnı” balıqçılıq təsərrüfatında inkubasiya sexi quraşdırılıb. Balıqlardan alınan kürü həmin sexdə inkubasiya edilərək körpə balıqlar alınır və yetişdirilərək digər balıqçılıq təsərrüfatlarına satılır. Naxçıvan “Balıqçılıq Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində isə muxtar respublikanın su hövzələri üçün müxtəlif balıq sortlarının yetişdirilməsinə şərait yaradılıb.

Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı istiqamətində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2014-cü ildən 2017-ci il aprelin 1-dək 637 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib.

Sənaye və kənd təsərrüfatı sahələri ilə yanaşı, iqtisadiyyatın digər sahələrinin inkişafı istiqamətində 58 xidmət sahəsi istifadəyə verilib, 2 xidmət sahəsinin yaradılması davam etdirilir.

Muxtar respublikada biznes mühitinin yaxşılaşdırılması və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində 2014-cü ildən 2017-ci il aprelin 1-dək muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 90 milyon 826 min 600 manat təşkil edib. Bu kreditlərdən 62 milyon 947 min 600 manatı fərdi sahibkarlığın inkişafına, 27 milyon 879 min manatı isə yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə sərf olunub. Ötən dövr ərzində 74 biznes forum, konfrans, sərgi və işgüzar görüşlərdə sahibkarlıq subyektlərindən 420 nümayəndənin iştirakı təmin edilib, Naxçıvan məhsulları ixrac kataloqu Azərbaycan və ingilis dillərində kütləvi nəşr üçün hazırlanıb.

Naxçıvan Biznes Mərkəzində muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ixrac təşviqinin ödənilməsi qaydaları, ixracda “Made in Azerbaijan” brendinin mexanizmləri və digər dəstək tədbirləri ilə bağlı maarifləndirici seminar keçirilib.

“Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Qlobal Standart 1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqavilə əsasında 32 yerli istehsalçı şirkət beynəlxalq GS1 sisteminə daxil edilib, 526 yeni ştrixkod verilib.

Muxtar respublikada özəlləşdirmə prosesinin davam etdirilməsi, texniki inventarlaşdırmanın həyata keçirilməsi, texniki pasport və planların tərtib olunması məqsədilə ardıcıl tədbirlər həyata keçirilib. Ötən dövrdə ümumi sahəsi 750 min 745 kvadratmetr olan 449 müəssisə və obyektə texniki pasport hazırlanıb, bununla da, muxtar respublika üzrə 2 min 279 obyekt texniki pasportla təmin edilib.

Keyfiyyətə nəzarət sisteminin təkmilləşdirilməsi məqsədilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin mərkəzi qida sınaq laboratoriyası beynəlxalq akkreditasiyadan keçirilib və cəmiyyət tərəfindən verilən keyfiyyət sertifikatları ilə ərzaq məhsullarının maneəsiz xarici bazarlara çıxarılmasına şərait yaradılıb. Akkreditasiya sisteminə daxil olan digər laboratoriyaların beynəlxalq akkreditasiyadan keçirilməsi üçün maarifləndirmə işləri aparılıb.

Naxçıvançay vadisində Zooloji parkın yaradılması istiqamətində ilkin hazırlıq işləri aparılır

Yeni tikinti materialları yataqlarının axtarışı və kəşfiyyat işləri istiqamətində Babək rayonunda radioaktiv və kompleks elementlərin qiymətləndirilməsinə dair məlumat hazırlanıb.

Culfa rayonunda Gal sahəsində civə və kompleks filiz yataqlarında axtarış işləri, Əlincəçay vadisinin Saltaq-Qızılca kəsimində səpinti qızıl, Qaradərəsu hövzəsində inşaat materialları yataqlarının, “Şahqaraj” adlandırılan ərazidə radioaktiv və kompleks elementlərin axtarışı və qiymətləndirilməsi işləri başa çatdırılıb. Babək rayonunda Toydağ filizləşmə sahəsində mis-molibden yataqlarının, Culfa rayonunun Şurud sahəsində civə və kompleks filiz yataqlarının axtarışı işləri, Əlincəçay vadisinin Ərəzin sahəsində səpinti qızıl yataqlarının axtarışı və qiymətləndirilməsi üzrə layihə-smeta sənədlərinin tərtibi davam etdirilib.

Təhlükəli hidrometeoroloji hadisələrin erkən xəbərdarlıq sisteminin inkişaf etdirilməsi, dövlət hidrometeoroloji müşahidə şəbəkəsinin, çaylarda hidrometeoroloji monitorinq sisteminin təkmilləşdirilməsi və regional laboratoriya sisteminin yaradılması istiqamətində tədbirlər görülüb.

Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkının Şahbuz, Culfa və Ordubad rayonlarının inzibati ərazilərinin meşə ilə örtülü ərazilərində rekreasiya potensialının öyrənilməsi və ekoturizm infrastrukturunun yaradılması sahəsində işlər davam etdirilir.

Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək rayonlarının və Naxçıvan şəhərinin inzibati ərazilərində yeni tingçilik təsərrüfatları yaradılıb. Muxtar respublikanın orta dağlıq və dağlıq ərazilərindən keçən çayların – Arpaçay, Naxçıvançay, Gilançay və Əlincəçay vadilərində və aid ərazilərdə eroziyaya qarşı mübarizə məqsədilə sel-daşqın təhlükəsi olan rayonlarda, Zəngəzur və Dərələyəz silsilələrinin çayətrafı ərazilərində yeni meşə sahələri, massivləri, meyvə bağları salınıb, meşəbərpa tədbirləri aparılıb.

Ümumilikdə 2014-cü ildən 2017-ci il aprelin 1-dək muxtar respublikada 1737,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, 1488,7 min ədəd ağac və bəzək kolları əkilib.

Ətraf mühitin monitorinqi üzrə yeni kompleks laboratoriyaların, Naxçıvançay vadisində Zooloji parkın yaradılması istiqamətində ilkin hazırlıq işləri aparılır.

Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yoluna birləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir

Muxtar respublikada müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər davam etdirilir.

Dövlət Proqramının icrası istiqamətində ötən dövrdə muxtar respublikada 207 kilometr uzunluğunda asfalt yollar salınıb, 8 körpü tikilib, 2 körpü yenidən qurulub. Bundan əlavə, Naxçıvan şəhərində yerüstü piyada keçidi istifadəyə verilib.

Babək rayonunun Payız, Kəngərli rayonunun Qarabağlar, Şahbuz rayonunun Badamlı kəndlərində avtomobil yollarının yenidən qurulması, Naxçıvan şəhərində yerüstü piyada keçidinin və 400 yerlik avtomobil parkının tikintisi davam etdirilib.

Naxçıvan Beynəlxalq Hava Limanının inzibati binasının tikintisi başa çatdırılıb, Naxçıvan Beynəlxalq Hava Limanında Şərq və Qərb terminalları istifadəyə verilib. Yenidənqurma işlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artıb, aerovağzal binasından istifadə edən sərnişinlərin sayı saatda 600 nəfərə çatdırılıb.

Əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəltmək məqsədilə hava limanına yeni maşın-mexanizmlər alınıb, karqo terminalının yenidən qurulması davam etdirilib.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasındakı İdarəetmə Mərkəzinin, dəmir yolu sərnişin vağzalı binasının və İnfrastruktur İdarəsinin inzibati binasının əsaslı təmiri başa çatdırılıb.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin Ordubad transformator yarımstansiyası binasının əsaslı təmiri yekunlaşıb, Culfa stansiyasında İstismar Vaqon Deposunun, Ordubad dəmir yolu sərnişin vağzalı binasının, Ordubad yol sahəsinin inzibati binasının və 4 saylı yol məntəqəsi binasının tikintisi, Ordubad Stansiya İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilib.

Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyəti təmin olunub, 3 ədəd yeni sərnişin vaqonu gətirilib.

Muxtar respublika ərazisində dəmiryolların təmiri işləri mütəmadi aparılmaqla qatarların hərəkətinin təhlükəsizliyi təmin edilib. Türkiyə Respublikasının dəmiryolları ilə birləşdirilməsi məqsədilə Culfa-Sədərək sahəsi üzrə ilkin layihələndirmə işləri aparılır. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir.

Naxçıvan Günəş Elektrik Stansiyasının gücü artırılacaq

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ötən dövrdə Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” su elektrik stansiyalarının tikintisi başa çatdırılıb, Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilib.

Ordubad rayonunda layihə gücü 14 meqavat olan Tivi Su Elektrik Stansiyasının tikintisini həyata keçirmək məqsədilə elmi-tədqiqat və layihə-axtarış işləri aparılır.

Muxtar respublikada alternativ enerji mənbələrinin yaradılması istiqamətində Babək rayonunun Xal-xal kəndi ərazisində 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilib. İstismara verilən günəş elektrik stansiyasının gücünün artırılması ilə bağlı tədbirlər hazırda davam etdirilir.

Alternativ enerji mənbələrinin potensialının müəyyənləşdirilməsi istiqamətində elmi-tədqiqat və layihə-axtarış işləri həyata keçirilir.

Muxtar respublikada yeraltı qaz anbarının yaradılması istiqamətində işlər görülür.

4-cü nəsil mobil rabitə şəbəkəsi və rəqəmsal televiziya vericiləri istifadəyə verilib

Aparılmış məqsədyönlü tədbirlərin nəticəsidir ki, muxtar respublikada informasiya-texnologiyaları sahəsinin əhatə dairəsi genişləndirilib, 4-cü nəsil mobil rabitə şəbəkəsi, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri istifadəyə verilib.

Muxtar respublikada poçt bölmələri, avtomat telefon stansiyaları istifadəyə verilib, mövcud avtomat telefon stansiyaları yeniləri ilə əvəz olunub.

Şahbuz və Babək rayonlarını əhatə edən 3-cü nəsil telekommunikasiya xidmətlərindən istifadəyə imkan verən NGN avadanlıqları qurulub.

Bu gün muxtar respublikanın yaşayış ərazilərinin 98 faizində genişzolaqlı, 99 faizində isə simsiz internet xidməti göstərilir.

Muxtar respublikanın yaşayış məntəqələrində rəqəmsal televiziya yayımını təmin edən 6 güclü, 43 azgüclü televiziya vericisi istifadəyə verilib, sosial paketdə olan 12 televiziya kanalının rəqəmsal yayımı təmin edilib. Bundan əlavə, Naxçıvan şəhərinin, Şərur, Babək, Şahbuz və Sədərək rayonlarının ərazilərində internet televiziyasının yayımı təşkil edilib, əhaliyə Yeni Nəsil Telekommunikasiya Sistemi üzərindən televiziya kanallarını izləmək və digər xidmətlərdən yararlanmaq imkanı yaradılıb.

Duzdağ Radio-Televiziya Verici Stansiyasında 7 ədəd güclü DVB-T2 standartında rəqəmsal televiziya vericiləri istifadəyə verilib ki, bu xidmət vasitəsilə 67 televiziya proqramının yayımı, Naxçıvan Dövlət Televiziyasının isə ölkədə ilk olaraq yüksəkkeyfiyyətli HD formatda yayımlanması təmin edilib.

Muxtar respublika ərazisində rəqəmli radio yayımı fəaliyyətə başlayıb, “Universitet” televiziyasında videodərslərin hazırlanması və distant tədrisin tətbiqi məqsədilə avadanlıqlar qurulub, virtual studiya yaradılıb, “Universitet” televiziyasının və “Nuhçıxan” radiosunun Naxçıvan şəhərində rəqəmsal formatda yayımı təmin edilib.

Naxçıvan televiziyasının və dövlət radiosunun maddi-texniki bazaları gücləndirilib, internet üzərindən yayımları təmin olunub.

Muxtar respublika ərazisində fiber-optik kabel şəbəkəsinin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

“Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsal olunan məhsulların, həmçinin muxtar respublikada istehsal olunan ixracyönümlü məhsulların reklam olunması, xarici iş adamları ilə əlaqələrin genişləndirilməsi məqsədilə cəmiyyətin internet portalı yaradılıb. Bundan əlavə, muxtar respublikada elektron imzanın verilməsi üzrə müvafiq şəbəkə sistemi qurulub.

Su təchizatı və kanalizasiya xidmətləri yaxşılaşdırılır

Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq muxtar respublikanın rayonlarında əhalinin içməli su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində Culfa və Şahbuz şəhərlərinin, eləcə də ətraf kəndlərinin içməli su və kanalizasiya şəbəkəsində işlər tamamlanaraq evlərə su verilib, Şərur, Babək, Ordubad, Kəngərli və Sədərək rayonlarında içməli su və kanalizasiya xətlərinin tikintisi davam etdirilib.

Şərur rayonunda 24,5, Babək rayonunda 65, Ordubad rayonunda 18,7, Culfa rayonunda 11,4, Kəngərli rayonunda 7,9, Şahbuz rayonunda 11,3 kilometr uzunluğunda içməli su xətləri çəkilib, Şərur rayonunda 50,7, Babək rayonunda 19,9, Ordubad rayonunda 102,7, Culfa rayonunda 12,7, Kəngərli rayonunda 12, Şahbuz rayonunda 7,6 kilometr uzunluğunda içməli su xətləri təmir olunub.

Muxtar respublikada 36 kəhrizin təmiri başa çatdırılıb, 6 kəhrizin təmiri hazırda davam etdirilir.

Bundan əlavə, Naxçıvan şəhərində Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Naxçıvan şəhərdaxili su və kanalizasiya şəbəkəsi, Tumbul, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib, çirkab sutəmizləyici qurğunun tikintisi hazırda davam etdirilir.

Meliorasiya-irriqasiya sahəsinin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilir

Muxtar respublikada meliorasiya-irriqasiya sahəsinin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilir. Belə ki, ötən dövrdə Kəngərli rayonunun Yeni Kərki, Xıncab, Təzəkənd və Böyükdüz kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə Uzunoba Su Anbarından qidalanan su xəttinin çəkilişi, Babək rayonunda Uzunoba Su Anbarının yenidən qurulması başa çatdırılıb.

Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin torpaq sahələrinin suvarılması üçün əlavə su xətlərinin, Naxçıvan şəhərinin Qaraçuq, Şərur rayonunun Kərimbəyli, Babək rayonunun Cəhri və Güznüt kəndlərində drenaj xətlərinin, Bənəniyar gölündən Babək rayonunun Nehrəm kəndi ərazisinə suvarma su xəttinin çəkilişi, Culfa rayonunun Camaldın kəndində suvarma kanalının təmiri yekunlaşıb.

Babək rayonunun Xal-xal, Ordubad rayonunun Aşağı Əylis və Nüsnüs, Şahbuz rayonunun Kolanı kəndlərində suvarma su xətlərinin çəkilişi, Ordubad rayonunun Dəstə kəndində suvarma su kanalının tikintisi tamamlanıb.

Şərur rayonunun Bəhruz Kəngərli kəndində suvarma şəbəkəsinin bərpası, Ordubad rayonunun Yuxarı Əylis kəndində suvarma su xəttinin yeni əraziyə köçürülməsi başa çatdırılıb.

Şahbuz rayonunda Badamlı çayında istiqamətləndirici bəndin tikintisi, Şərur rayonunda Arpaçay sol sahil kanalı üzərindəki selötürücünün bərpası, Ordubad şəhərindən keçən Dübəndi çayında sahilbərkitmə işləri yekunlaşıb.

Babək rayonunda iki, Kəngərli və Sədərək rayonlarının hər birində bir nasos stansiyası istifadəyə verilib, Şərur rayonunda Xanlıqlar və Püsyan kəndləri arasındakı suvarma kanalı yenidən qurulub. Həmçinin Babək rayonunun Nehrəm kəndinin 1170 hektar, Culfa rayonunun Bənəniyar kəndinin 1050 hektar, ümumilikdə, 2220 hektar torpaq sahəsində müasir suvarma sistemi yaradılıb.

Babək rayonunun Kərimbəyli və Kültəpə kəndlərində 217 hektar yeni torpaq sahəsinin əkin dövriyyəsinə qatılmasını təmin edən suvarma şəbəkəsinin, Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərində 117 hektar ərazini əhatə edən qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılıb.

Ordubad rayonunun Yuxarı Əylis və Aşağı Əylis kəndləri suvarma suyu ilə təmin edilib, Aza-Dəstə kanalının tikintisi, Dəstə kəndinə Aza çayından suvarma boru xəttinin, Şərur rayonunun Püsyan kəndində suvarma boru xəttinin çəkilişi aparılıb.

Babək rayonunun Xal-xal və Cəhri kəndlərində drenaj, Babək qəsəbəsində drenaj və suvarma xətlərinin çəkilişi, Culfa rayonunda “Yaycı” gölünün sugətirici kanalında və “Bam” kanalında bərpa işləri, Gal kəndində suvarma su xəttinin təmiri başa çatdırılıb.

Babək rayonunun Nəcəfəlidizə kəndində açıq drenaj kanalının, Kültəpə kəndində kanalın tikintisi, Güznüt kəndində qapalı drenaj xəttinin bərpası, Nehrəm və Çeşməbasar kəndlərində kollektorların təmizlənməsi yekunlaşıb.

Şərur rayonunun Ələkli və Məmmədsabir kəndlərində suvarma xətti, Babək qəsəbəsində, Şərur rayonunun Alışar və Qışlaqabbas kəndlərində qapalı drenaj, Babək rayonunun Sirab kəndində qapalı suvarma xətləri çəkilib.

Araz çayında sahilbərkitmə işləri görülüb, Culfa rayonunda Əlincəçayda istiqamətləndirici bənd tikilib. Muxtar respublikada 11 subartezian quyusunun tikintisi, 15 subartezian quyusunun bərpası başa çatdırılıb. Babək rayonunun Hacıvar kəndində açıq drenaj kanalının çəkilişi, Şərur rayonunda Arpaçayda, Babək rayonunda Cəhri-çayda, Naxçıvançayda və Qahab selovunda istiqamətləndirici bəndlərin tikintisi, Uzunoba Su Anbarına sugətirici kanalın təmiri aparılıb. Kəngərli rayonunun Böyükdüz kəndində qapalı suvarma şəbəkəsinin tikintisi, suvarma boru xəttinin bərpası davam etdirilib.

Muxtar respublikada meliorasiya-irriqasiya sistemlərinin təkmilləşdirilməsi və yeniləşdirilməsi məqsədilə yeni maşın və mexanizmlər alınıb.

Əhalinin təhlükəsizliyi diqqət mərkəzində saxlanılır

Naxçıvan şəhərində 14, Şərur şəhərində 3, Ordubad şəhərində 4, Babək qəsəbəsində və Culfa şəhərinin hər birində 1 yaşayış binasının zirzəmisi mülki müdafiənin mühəndis-texniki normalarının tələblərinə uyğun əsaslı təmir edilib, Şərur şəhərində 104080, Ordubad şəhərində və Babək qəsəbəsində hər birində 61560, Culfa şəhərində 73480 ədəd əleyhqaz müvafiq yaşayış binalarının zirzəmilərinə yığılıb.

Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni inzibati binasında sahəsi 256 kvadratmetr olan zirzəmi mülki müdafiənin mühəndis-texniki normalarına uyğun inşa edilərək, 16000 ədəd əleyhqaz ilə təmin olunub.

Rayon mərkəzlərində, qəsəbə və kəndlərdə 698 infrastruktur obyekti istifadəyə verilib

Muxtar respublikanın rayon mərkəzlərində, qəsəbə və kəndlərində, ümumilikdə, 698 infrastruktur obyekti istifadəyə verilib, 72 infrastruktur obyektinin inşası davam etdirilib.

Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində 1 şəhər, 1 qəsəbə və 39 kənd mərkəzi, 41 xidmət mərkəzi istifadəyə verilib, 2 kənd mərkəzinin tikintisi davam etdirilib.

Sosial müdafiə tədbirləri: 9 milyon 958 min manatdan çox ünvanlı dövlət sosial yardımı ödənilib

Muxtar respublikada ötən dövrdə hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 9 milyon 958 min manatdan çox ünvanlı dövlət sosial yardımı ödənilib.

Sosial layihələr çərçivəsində yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 1437 cərrahi əməliyyat aparılıb.

Ötən dövrdə tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində sosial-məişət xidmətləri göstərilib, sağlamlıq imkanları məhdud şəxslərin Naxçıvan Əlillərin Bərpa Mərkəzində, Naxçıvan Uşaq Bərpa Mərkəzində müalicələri təşkil edilib. Sağlamlıq imkanları məhdud şəxslər sanatoriya və müalicə pansionatlarına yollayışlarla təmin edilib, ehtiyacı olanlara protez-ortopedik xidməti göstərilib, texniki reabilitasiya vasitələri verilib.

Sağlamlıq imkanları məhdud 29 nəfərin xaricdə, 136 nəfərin ölkə daxilində müalicəsinə, 210 nəfərin isə sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilib. Sağlamlıq imkanları məhdud 6 uşaq valideynlərinin müşayiəti ilə Latviyaya, 15 uşaq Acarıstan Muxtar Respublikasına, 6 uşaq isə Yunanıstana müalicəyə göndərilib.

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilib, sağlamlıq imkanları məhdud müəyyən şəxslərin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilib.

Sosial qayğıya ehtiyacı olan 107 nəfərə minik avtomobili verilib, 24 ailə mənzillə təmin olunub, Naxçıvan Əlillərin Bərpa Mərkəzinin və Ahıllar Evinin əsaslı təmiri başa çatdırılıb.

Yeni səhiyyə müəssisələr tikilir və ya yenidən qurulur

Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin tikintisi, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması, Şərur Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri başa çatdırılıb.

Muxtar respublikada 9 həkim ambulatoriyası, 26 feldşer-mama məntəqəsi tikilib, 3 həkim ambulatoriyası, 1 feldşer-mama məntəqəsi yenidən qurulub, 1 həkim ambulatoriyası isə əsaslı təmir olunub.

Naxçıvan şəhərində mərkəzi hərbi xəstəxananın tikintisi, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının yenidən qurulması davam etdirilir.

99 mədəniyyət və 10 idman obyekti tikilib-bərpa olunub

Ötən dövrdə Naxçıvan şəhərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Dövlət Bayrağı Meydanı və Muzeyi, Xatirə Muzeyi, Şərur rayonunda Cəlilkənddə Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi, Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin ev-muzeyi, Akademik Yusif Məmmədəliyevin ev-muzeyi, Şahbuz rayonunun Nursu kəndində Məmməd Arazın ev-muzeyi, Culfa rayonunda Xanəgah abidə kompleksi, Gülüstan türbəsi olmaqla, ümumilikdə, 99 mədəniyyət obyekti tikilib, yenidən qurulub və ya bərpa olunub.

Naxçıvan şəhərində məscidin tikintisi, Sədərək rayonunda mədəniyyət evinin yenidən qurulması, Kəngərli rayonunda Qarabağlar Türbə Kompleksinin bərpası davam etdirilib.

Əhalinin, xüsusən gənclərin sağlamlığının qorunması istiqamətində mühüm işlər görülüb, Kəngərli Rayon Uşaq-Gənclər Şahmat Məktəbi, Naxçıvan şəhərində Atıcılıq və əyləncə mərkəzi, Şərur rayonunun Yuxarı Aralıq kəndində stadion olmaqla, ümumilikdə, 10 idman obyekti tikilib və ya yenidən qurulub. Hazırda 1 idman obyektinin tikintisi davam etdirilir.

Ötən dövrdə muxtar respublikada 5974 şagird yerlik 21 ümumtəhsil məktəbi inşa olunub

Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində Naxçıvan Dövlət Universitetinin Xəstəxanası və baytarlıq təbabəti ixtisasının binası yenidən qurulub, iqtisadiyyat fakültəsi və Naxçıvan Müəllimlər İnstitutu üçün korpusların tikintisi davam etdirilib.

“Naxçıvan” Universitetində yeni universitet şəhərciyi istifadəyə verilib. Şərur Texniki-Peşə və Sürücülük Məktəb kompleksinin tikintisi, Naxçıvan Dövlət Texniki Kollecinin, Naxçıvan Musiqi Kollecinin Ordubad Texniki Peşə və Sürücülük Məktəb kompleksinin yenidən qurulması başa çatdırılıb.

Ötən dövrdə muxtar respublikada 5974 şagird yerlik 21 ümumtəhsil məktəbi tikilib, 13748 şagird yerlik 30 ümumtəhsil məktəbi yenidən qurulub və ya əsaslı təmir olunub. Hazırda Naxçıvan şəhərinin Qaraxanbəyli, Babək rayonunun Payız, Ordubad rayonunun Üstüpü, Culfa rayonunun Dizə kəndlərində məktəb binalarının tikintisi davam etdirilir.

Kəngərli rayonunun Qıvraq qəsəbəsində 224, Babək qəsəbəsində və Şahbuz şəhərinin hər birində 242 yerlik uşaq bağçası binaları tikilib, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyində 72 yerlik uşaq bağçası binasının yenidən qurulması başa çatdırılıb.

Naxçıvan şəhərində iki, Culfa rayonunun Bənəniyar və Sədərək rayonunun Sədərək kəndlərinin hər birində bir uşaq musiqi məktəbi binasının tikintisi yekunlaşıb.

Uzunoba Su Anbarında Naxçıvan şəhər çimərliyi fəaliyyətə başlayıb

Muxtar respublikada turizm sahəsinin kompleks şəkildə inkişafını təmin etmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilib, Uzunoba Su Anbarında yeni istirahət mərkəzi – Naxçıvan şəhər çimərliyi istifadəyə verilib, Naxçıvan şəhərdaxili turist marşrutu fəaliyyətə başlayıb.

Ötən dövrdə muxtar respublikaya infotur təşkil olunub, Türkiyə, İran, Şimali Kipr, Küveyt və Azərbaycanın müxtəlif turizm şirkətlərindən gəlmiş 220 sahibkar və turizm sahəsinin nümayəndələri Naxçıvanın turizm imkanları, tarixi, dini abidələri, müalicəvi yerləri ilə tanış olublar.

Dövlət Proqramının icrası üzrə həyata keçirilən tədbirlərin ümumiləşdirilmiş təhlili göstərir ki, muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi, sosial sahənin inkişafı üzrə mühüm nailiyyətlər əldə olunub, əhalinin səmərəli məşğulluğu təmin edilib, yaşayış səviyyəsi yaxşılaşdırılıb.

Material Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatı əsasında hazırlanıb.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.