REGİONLAR


Naxçıvan şəhər çimərliyində insanların istirahəti üçün hər cür şərait yaradılıb

A+ A

Naxçıvan, 13 avqust, AZƏRTAC

Muxtar respublikada həyata keçirilən tədbirlər fərqli turizm məkanlarının fəaliyyətə başlamasına imkan verib ki, bu da özünəməxsus təbiət gözəllikləri ilə seçilən Naxçıvanda insanların istirahətinin daha səmərəli təşkili üçün düşünülüb.

AZƏRTAC xəbər verir ki, son illərdə yerli sakinlərin, eləcə də bu qədim diyara yolu düşən qonaqların ən çox üz tutduğu ünvanlardan biri də Naxçıvan şəhəri yaxınlığında yerləşən Uzunoba Su Anbarında yaradılan çimərlikdir. İki il bundan əvvəl – 2014-cü ildə istifadəyə verilən çimərlik Naxçıvanda bu istirahət növünə olan ehtiyacın ödənilməsində mühüm rol oynayır. Ölkəmizin digər regionları ilə müqayisədə su mənbələrinin azlığı və quru kontinental iqlimə malik olması ilə seçilən muxtar respublikada çimərliyin yaradılması regionda həyata keçirilən tədbirlərin məqsədyönlülüyünü bir daha ortaya qoyur. Buna görə də adıçəkilən çimərliyin yaradılması, burada insanların rahatlığı üçün lazımi şəraitin təmin edilməsi hər kəs tərəfindən razılıqla qarşılanır.

Çimərliyin ümumi sahəsi 14 min 850 kvadratmetrdir. Burada həm böyüklər, həm də uşaqlar üçün çimərlik sahələri nəzərdə tutulub. Uşaqlar üçün çimərliyin uzunluğu 30 metr, eni 15 metr, dərinliyi isə 70 santimetrdən 120 santimetrədəkdir. Böyüklər üçün zolağın uzunluğu isə 255 metr, eni 20 metrdir. Dərinlik 2-4 metr arasında dəyişir. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulub. Bundan əlavə, çimərliyə gələnlər üçün burada hərtərəfli şərait yaradılıb. Sahilboyu günlüklər qoyulub, paltardəyişmə yerləri, duş kabinələri fəaliyyət göstərir. Çimərlik istirahət zonasında su və digər idman növləri üzrə məşğul olmaq istəyənlər də yaddan çıxarılmayıb. Su motosikletləri, velosipedlər, futbol və voleybol meydançaları idmansevərlərin asudə vaxtının səmərəli təşkili üçün nəzərdə tutulub.

Burada ictimai iaşə xidməti də yaxşı təşkil olunub. Çimərliyə xidmət edən inzibati binada hərtərəfli şərait yaradılıb. Xidmətin səlahiyyətli nümayəndəsi Dalğın Hüseynov bildirib ki, binada iş otağı, kafe, mətbəx, anbar və mağaza yerləşir. Burada müştərilərə, əsasən, yerli istehsal olan müxtəlif sərinləşdirici içkilər, dondurmalar, çay və kofe təqdim olunur. Eyni zamanda, milli mətbəximizin çeşidli növlərindən təklif edilir. Yaradılmış şərait bura yolu düşənlərin sayının artmasına səbəb olur. Şənbə və bazar, eləcə də həftəiçi günorta saatlarından sonra çimərliyə gələnlərin sayı daha da artır.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, baş leytenant Rüfət Məmmədov xilasedicilərin fəaliyyətindən danışaraq deyib ki, hazırda qrupumuzda 5 xilasedici və 1 həkim xidmət aparır. Xidmət zamanı əməkdaşlarımız tərəfindən sahildəki nəzarət qülləsindən ətrafa davamlı nəzarət olunur, hər hansı qayda pozuntusu qeydə alınarsa, səsgücləndirici qurğu vasitəsilə xəbərdarlıq edilir. Xilasedici qrupun əsas vəzifələrindən biri də çimərlik üçün qadağan olunmuş digər sahillərə nəzarət etməkdir ki, həmin yerlərdən istifadə olunmasın. Buna görə həm də vətəndaşlar arasında maarifləndirici söhbətlər aparırıq. Təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkili xoşagəlməz hadisələrin qarşısının alınmasında mühüm rol oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.