REGİONLAR
Naxçıvan şəhərində “Buta” muğam ansamblının konserti olub
Naxçıvan, 22 dekabr, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən Naxçıvan Dövlət Filarmoniyasının zalında Naxçıvan Musiqi Kollecinin “Buta” muğam ansamblının konserti olub.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl konsertin aparıcıları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamlarına əsasən bu təhsil ocağının 30 və 40 illik yubileylərinin qeyd olunduğunu xatırladıblar. Bildirilib ki, bu illər ərzində kollecdə milli musiqi alətlərimizin və xalq mahnılarımızın yaşadılması, eləcə də klassik və müasir dünya bəstəkarlarının öyrənilməsi, gənc musiqiçi kadrların yetişdirilməsi sahəsində uğurlar əldə edilib. Məktəbin məzunları ölkəmizin mədəniyyət müəssisələrində, uşaq musiqi məktəblərində çalışaraq musiqi mədəniyyətimizə xidmət göstərirlər. Kollec təhsil müəssisəsi kimi fəaliyyəti ilə bərabər, həm də respublika üzrə keçirilən mötəbər tədbirlərdə, el şənliklərində konsert proqramları ilə çıxış edir.
Diqqətə çatdırılıb ki, 40 ildən artıqdır, kollecdə müxtəlif musiqi kollektivləri yaradılıb. “Buta” muğam ansamblı da bu kollektivlərdən biridir. Kollektivin üzvləri muğam-dəsgahlar, xalq mahnı və təsniflərindən ibarət maraqlı konsert proqramı ilə ictimaiyyət qarşısında çıxış edirlər. “Buta” muğam ansamblı kollektivinin Naxçıvan Dövlət Televiziyasındakı çıxışları da maraqla qarşılanır. Gənc muğam ifaçıları muğam sənətimizi geniş təbliğ etməklə yanaşı, keçirilən müsabiqələrdə də iştirak edirlər. Yaxın və Orta Şərq musiqisində segah yalnız bir növdən ibarət olduğu halda, Azərbaycan musiqisində segahın bir neçə növü var. Özünəməxsus tonallıq sistemi olan Azərbaycan segahı variantlarının xarakteri, səslənməsi, yozumu cəhətdən fərqlənir. Böyük bəstəkarımız Üzeyir Hacıbəyli segah muğamının estetik psixoloji əhəmiyyətini xüsusi vurğulayıb.
Sonra kollecin “Buta” ansamblının ifasında “Mirzə Hüseyn segahı” səslənib. Naxçıvan Musiqi Kollecinin xanəndəlik ixtisasları üzrə təhsil alan tələbələri Mürsəl Tağılı, Pərviz Quliyev, Cavid Babayev və vokal ixtisası üzrə təhsil alan tələbəsi Anar Rzayevin təqdimatında “Mirzə Hüseyn segahı” alqışlarla qarşılanıb. Kollektivin Azərbaycan klassik poeziyasından seçdiyi qəzəllər də xoş təsir bağışlayıb.