İQTİSADİYYAT
Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzindədir
Naxçıvan, 2 avqust (AZƏRTAC). Hazırda Naxçıvan şəhərində 5 səhiyyə, 9 mədəniyyət, 6 təhsil, 5 inzibati və 5 yaşayış obyektində tikinti və yenidənqurma işləri davam etdirilir, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərinin “İstiqlal” küçəsində yerləşən 87 nömrəli yaşayış binası “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən əsaslı təmir edilir. Bina zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarətdir. Tikilinin bünövrəsində bərkitmə işləri aparılaraq yeni dayaqlar qoyulub, eni 3 metr artırılıb. 33 mənzildən ibarət binanın dam örtüyü əsaslı təmir edilib, qapı-pəncərələr salınıb. Hazırda daxildə suvaq işləri aparılır, son mərtəbədə arakəsmələr hörülür, fasad hissədə isə binanın üzlük daşla üzlənməsi davam etdirilir.
Şəhərin Atatürk küçəsində inşa olunan yeni yaşayış binası isə öz əzəməti ilə göz oxşayır. Zirzəmi ilə birlikdə 9 mərtəbədən ibarət olacaq binada tikinti işlərinə ötən ilin fevral ayından başlanılıb. Ümumilikdə 54 mənzildən ibarət olacaq yaşayış binasında hörgü işləri başa çatdırılıb, dam örtüyü vurulub. Hazırda daxildə və fasad hissədə suvaq işləri aparılır, pəncərələr salınır.
Binanın tikintisi “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır.
Həmin küçədəki 5 nömrəli yaşayış binasının isə əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən yenidən qurulan bina əvvəllər ikimərtəbəli olub. İndi isə bina bir mərtəbə artırılaraq əlavə 7 metrədək genişləndirilib. Hazırda binanın dam örtüyünün vurulmasına başlanılıb, ikinci və üçüncü mərtəbələrin bəzi bölümlərində arakəsmələrin hörülməsi davam etdirilir. İşlər yekunlaşdıqdan sonra 30 mənzildən ibarət olacaq binanın birinci mərtəbəsində mağazalar və xidmət obyektləri fəaliyyət göstərəcək.
Hər üç obyektdə yerli tikinti materiallarından istifadə edilməklə təhlükəsizlik qaydalarına da ciddi əməl olunur.