REGİONLAR
Naxçıvan şəhərində ənənəvi məktəbli yarmarkası təşkil olunub
Naxçıvan, 3 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda ənənəvi məktəbli yarmarkası keçirilir.
AZƏRTAC xəbər verir ki, 3-ü istehsalçı olmaqla, 25 sahibkarlıq subyektinin iştirak etdiyi məktəbli yarmarkasında dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantaları və başqa ləvazimatlar satışa çıxarılıb. Adıçəkilən məhsullar alıcılara digər satış yerlərindən 10-15 faiz aşağı qiymətə təklif olunur.
Yarmarkada ayrı-ayrı fənlər üzrə əyani vəsaitlərin satışına da geniş yer ayrılıb. Burada satılan lüğət və digər nəşrlərə, dünya uşaq ədəbiyyatı nümunələrinə, bədii və elmi ədəbiyyata böyük alıcı marağı var. Satılan bütün məhsulların keyfiyyətinə və qiymətinə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi nəzarət olunur.
Satış yerlərinin hər birində məhsulların çeşid zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanır. Həmsöhbət olduğumuz valideynlər Suqra Yusifova və Kazım Yusifov dedilər ki, dükan və bazarlardakı qiymətlərlə yarmarkadakı qiymətlər arasında böyük fərq var. Bu da imkan verir ki, daha az vəsaitlə ləvazimatların hamısını və ən keyfiyyətlilərini alsınlar.
Valideyn Aytən Əliyeva isə dedi ki, yarmarkada qiymətlər ucuzdur: “Buradan lazım olan hər şeyi qısa zamanda alırıq ki, bu da dükanları gəzərək sərf etdiyimiz əlavə vaxt itkisini də aradan qaldırır. Aldıqlarımızdan hər baxımdan razıyıq”.
Valideynlər belə yarmarkaların təşkil olunmasına görə dövlətimizə minnətdarlıqlarını bildirdilər.
Məktəbli yarmarkası sentyabrın 15-i də daxil olmaqla, saat 9:00-dan 14:00-a kimi davam edəcək.