REGİONLAR
Naxçıvan şəhərində əsas kapitala 377 milyon manatdan çox investisiya yönəldilib
Naxçıvan, 1 avqust, AZƏRTAC
Naxçıvan şəhərində bu ilin birinci yarısında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 377 milyon 138 min 200 manat investisiya qoyulub. Bu da ötən illə müqayisədə 1,4 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu faktlar Naxçıvan Şəhər İcra Hakimiyyətində bu ilin birinci yarısında görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunan iclasda səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasından irəli gələn vəzifələrin qısa zamanda və yüksək keyfiyyətlə icra olunmasının vacibliyini qeyd edib.
İcra hakimiyyəti başçısının müavini Səyahət İmanov bu ilin birinci yarısının yekunları barədə məruzə edərək bildirib ki, hesabat dövründə Naxçıvan şəhərində abadlıq-bərpa, tikinti-quraşdırma işləri ön plana çəkilib, əhalinin mənzillərə olan tələbatının ödənilməsi, eləcə də mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış binalarının tikintisinə, habelə mövcud binaların yenidən qurulmasına diqqət yetirilib.
Qeyd olunub ki, tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artıb. Vətəndaşların vəsaiti hesabına 165 min 484 kvadratmetr ərazidə yeni yaşayış sahələri salınıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. Sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan uğurlar, yeni iş yerlərinin açılması, əhalinin rifah halının yaxşılaşması demoqrafik vəziyyətə də müsbət təsir göstərib, Naxçıvan şəhərində əhalinin sayı artaraq 97 min nəfəri ötüb.
Bu ilin yanvar-iyun aylarında 385 milyon 306 min 500 manatlıq sənaye məhsulunun istehsal olunduğunu deyən Səyahət İmanov diqqətə çatdırıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. Bu dövrdə 432 yeni iş yeri açılıb, onlardan 423-ü daimi iş yeridir. Əvvəlki illərdə olduğu kimi, bu il də strateji əhəmiyyət kəsb edən taxılçılığın inkişafına xüsusi diqqət yetirilib, bu ilin məhsulu üçün 2095 hektar sahədə əkin aparılıb. Yaşıllaşdırma tədbirləri zamanı Naxçıvan şəhərinin ərazisinə 70 ədəd müxtəlif meşə, 481 ədəd müxtəlif meyvə, 10 min 800 ədəd həmişəyaşıl ağac, 400 ədəd müxtəlif gül və dekorativ kollar əkilib, 1,5 hektarlıq meyvə bağlarında bərpa işləri aparılıb.
Sonra məruzə ətrafında çıxışlar olub.