ELM VƏ TƏHSİL
Naxçıvan şəhərində məskunlaşma tarixinə dair yeni faktlar
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Naxçıvan şəhəri ərazisində apardığı araşdırmalar nəticəsində şəhərin ərazisindəki məskunlaşma tarixini daha da qədimləşdirməyə imkan verən yeni yaşayış yeri aşkarlayıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, şəhərin ərazisində, Naxçıvan çayının sağ sahilində yeni aşkarlanan yaşayış yeri erkən eneolit dövrünə aid edilir.
V.Baxşəliyevin sözlərinə görə, yeni abidədə aşkar olunan bəzi keramika nümunələri və əmək alətləri neolit dövrünün də varlığından xəbər verir. Yeni yaşayış yeri eramızdan əvvəl VI-V minilliklərə aid edilə bilər.
Tədqiqatçının fikrincə, gələcək araşdırmalar nəticəsində Naxçıvan şəhəri ərazisində məskunlaşma tarixini 8-9 min il bundan əvvələ aid etmək mümkün olacaq.