REGİONLAR


Naxçıvan şəhərində və Babək rayonunda yeni obyektlər inşa olunur

Naxçıvan, 12 iyun, AZƏRTAC

Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da ali təhsil ocaqları üçün yeni tədris obyektlərinin istifadəyə verilməsi artıq ənənə halı alıb.

AZƏRTAC xəbər verir ki, ötən ilin mart ayından başlayaraq Naxçıvan Dövlət Universiteti şəhərciyi ərazisində iqtisad fakültəsi üçün yeni tədris korpusunun inşasına başlanılıb. Obyektdə genişmiqyaslı quruculuq işləri həyata keçirilib, ərazi abadlaşdırılıb. Hazırda binada son tamamlama işləri gedir.

İnşaat işlərini həyata keçirən “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin iş icraçısı Fikrət Qaybalıyev bildirib ki, burada istilik sistemi quraşdırılıb, kommunikasiya və elektrik xətləri çəkilib. Yeni korpusun ərazisində abadlıq işlərinə başlanılıb. İki mərtəbədən ibarət olan yeni binada 102 yerlik akt zalı, toplantı zalı, kompüter otağı, 21 auditoriya yaradılıb. Bu korpusda 792 tələbə təhsil ala biləcək.

Naxçıvan şəhərində inşaat işlərinin geniş vüsət aldığı daha bir obyekt isə Naxçıvançayın kənarında əhalinin asudə vaxtının səmərəli təşkilinə töhfə verəcək istirahət mərkəzidir. Mərkəzin binası zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olacaq.

“Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin adıçəkilən obyekt üzrə iş icraçısı Akif Quliyevin bildirdiyinə görə, binanın zirzəmisində avtomobillər üçün dayanacaq, bərbər, qadın gözəllik salonu, qazanxana və xidməti otaqlar fəaliyyət göstərəcək. Qalan mərtəbələr istirahət otaqları, kafelər və digər əyləncə obyektləri üçün nəzərdə tutulub. Burada idman zalı, üzgüçülük hovuzu, tədbirlər zalı qonaqların ixtiyarına veriləcək. İstirahət mərkəzinin yerləşdiyi ərazi abadlaşdırılacaq, müasir işıqlandırma sistemi qurulacaq, yaşıllaşdırma tədbirləri həyata keçiriləcək. Yeni tikilidə dövrün və şəhərin xarakterik xüsusiyyətləri əks olunacaq, burada Şərq memarlığı elementlərinə, xüsusilə Naxçıvan memarlıq məktəbinə aid üsluba geniş yer veriləcək. Memar Cəmil Quliyevin layihəsi əsasında inşa olunan bina tamamlandıqdan sonra şəhərin ən görməli yerlərindən birinə çevriləcək.

Obyektə yaxın ərazidə isə dəmir konstruksiyalar əsasında qurulan istirahət və əyləncə mərkəzində işlər “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivinə həvalə edilib. Üç mərtəbədən ibarət olacaq binada boulinq salonu və atış zalları yaradılacaq. Digər mərtəbələrdə isə kafe, uşaq və böyüklər üçün əyləncə yerləri və mağazalar fəaliyyət göstərəcək.

Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı quruculuq işləri zamanı yol tikintisinə də xüsusi diqqət yetirilir. Son illər muxtar respublikada müasir standartlara uyğun avtomobil yolları salınıb, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilib, yeni körpülər tikilib. Yol-nəqliyyat infrastrukturunun gücləndirilməsi sahəsində reallaşdırılan layihələrin əsas məqsədi muxtar respublikanın sosial-iqtisadi inkişafını təmin etməkdir. Bu, həm də dövlətin vətəndaşlara göstərdiyi qayğının təzahürüdür.

Muxtar respublikada magistral avtomobil yolları ilə yanaşı, kənd yollarının yenidən qurulması da diqqət mərkəzindədir. Naxçıvan Yol Təmir-Tikinti İdarəsinin iş icraçısı Sabir Rəfiyevdən aldığımız məlumata görə, hazırda Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərini Naxçıvan şəhərinə birləşdirən yolda yenidənqurma işləri aparılır. 7 kilometrə yaxın olan yolun hərəkət hissəsi genişləndirilib, 3 kilometr hissəyə asfalt örtüyü salınıb. Yeni çəkilən yolun eni 7,2 metr olacaq.

Qeyd edək ki, adıçəkilən kəndlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün də müvafiq tədbirlər görülüb. Əhalinin rahatlığına xidmət edən bu tədbirlərin davamı olaraq cari ildə Uzunoba Su Anbarından çəkilən kanal əsaslı təmir olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.