REGİONLAR
Naxçıvan şəhərində yaşayış binaları əsaslı şəkildə təmir olunur
Naxçıvan, 7 oktyabr, AZƏRTAC
Son illərdə Naxçıvan şəhərində onlarla yaşayış binası əsaslı şəkildə təmir olunaraq və ya yenidən qurularaq sakinlərin istifadəsinə verilib. Bu istiqamətdə işlər cari ildə də davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Əziz Əliyev küçəsindəki 41 nömrəli yaşayış binasında son tamamlama işləri görülür. “Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən 5 mərtəbəli yaşayış binasının pəncərələri dəyişdirilib, dam örtüyü, kommunikasiya xətləri yenilənib. Bundan əlavə, binanın zirzəmisi təmir olunub, fasad hissə üzlük daşla üzlənib. Hazırda binanın ətrafında abadlıq işləri görülür, yerə kilid daş döşənir, arxa və ön hissələrdə gülkarlıqlar üçün ərazilər hazırlanır.
Naxçıvan şəhərinin “İstiqlal” küçəsindəki yaşayış binaları da əsaslı şəkildə yenidən qurulur. Hazırda 111 nömrəli yaşayış binasının yenidən qurulmasına başlanılıb. “Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən yenidən qurulan binada işlərə cari ilin sentyabr ayından başlanılıb. İlkin olaraq qəzalı vəziyyətdə olan eyvanlar və sonradan artırılan hissələr sökülüb, sonrakı mərhələdə binanın ətrafı beton sütunlarla möhkəmləndirilib. Zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət yaşayış binası arxaya doğru 3 metrlik məsafəyədək artırılıb ki, bu da sakinlərin mənzil sahəsinin genişlənməsinə imkan verəcək.
Şəhərin “Atabəylər” məhəlləsində isə 2 nömrəli yaşayış binasının yenidən qurulmasına başlanılıb. Qısa müddətdə “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən yenidən qurulan binada dam örtüyü vurulub, kommunikasiya xətləri dəyişdirilib. Binanın fasad hissəsinin birinci mərtəbəyədək üzlük daşla üzlənilməsinə başlanılıb.