REGİONLAR


Naxçıvan şəhərində yaşayış binaları əsaslı təmir olunur

Naxçıvan, 24 iyul, AZƏRTAC

Sürətlə inkişaf edən Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, rifah halının yüksəldilməsinə xüsusi diqqət göstərilir. Hazırda şəhərin bir neçə ünvanında yaşayış binaları yenidən qurulur, əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu ünvanlardan biri də şəhərin “İstiqlal” küçəsində yerləşir. Belə ki, həmin küçədəki 113 nömrəli dördmərtəbəli binada aprel ayından əsaslı yenidənqurma işlərinə başlanılıb. Quruculuq işlərini “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər.

Obyektin iş icraçısı Nazim Tağıyevin bildirdiyinə görə, 60-cı illərin əvvəllərində istifadəyə verilən bina bugünkü tələblərə cavab vermədiyindən kollektivə tikilinin əsaslı şəkildə yenidən qurulması həvalə edilib. Yenidənqurma işləri çərçivəsində mənzillərin sahəsi genişləndirilib, lazımi kommunal-məişət şəraitinin yaradılması üçün bir sıra işlər görülüb. Hazırda binaya yeni dam örtüyü vurulur, mənzillərə “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsalı olan qapı-pəncərələr salınır, binaya əlavə olunan 3 metrlik hissədə suvaq işləri aparılır. Yenidənqurma işləri başa çatdırıldıqdan sonra burada yaradılan şərait bina sakinlərinin rahatlığını təmin edəcək.

Şəhərdə əsaslı şəkildə yenidən qurulmasına başlanan yaşayış binalarından biri də “İstiqlal” 121 ünvanında yerləşir. Burada da inşaat işləri “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçılarına həvalə olunub. Qısa vaxt ərzində obyektdə xeyli iş görülüb. İnşaatçılar binada hər cür kommunal-məişət şəraitinin yaradılması, elektrik, qaz, rabitə və kanalizasiya xətlərinin yenilənməsi işlərində səylə çalışırlar. Yenidənqurma işləri başa çatdırıldıqdan sonra həyətdə abadlıq işləri aparılacaq, müasir işıqlandırma sistemləri qurulacaq, uşaq-əyləncə meydançaları yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.