SİYASƏT


Naxçıvan şəhərində yeni yaşayış binası istifadəyə verilib

A+ A

Naxçıvan, 19 oktyabr, AZƏRTAC

Bu gün ölkəmizdə həyata keçirilən sosial tədbirlər içərisində mənzil tikintisi xüsusi yer tutur. Şəhər, qəsəbə və kəndlərimizdə yeni yaşayış binaları tikilir, məskunlaşma ilbəil artır. Son illər çoxmənzilli ictimai yaşayış binalarının tikilməsi insanların rahatlığını təmin etməklə yanaşı, Naxçıvan şəhərinin arxitektura quruluşunu da zənginləşdirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 19-da Naxçıvan şəhərinin Heydər Əliyev prospektində inşa olunan 19 nömrəli yeni ictimai yaşayış binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə çıxış edərək deyib: İnsanların yaşayış şəraitinin yaxşılaşdırılması və rahat mənzillərlə təmin olunması onların həyat tərzinin göstəricisidir. Çünki ölkədə yol düzgün seçiləndə, inkişaf və sabitlik təmin olunanda sosial tədbirlər də uğurla həyata keçirilir. Bu gün ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin yolunun davam etdirilməsinin və qəbul olunan dövlət proqramlarının nəticəsidir ki, insanların mənzil şəraiti yaxşılaşdırılır, evləri plana düşən vətəndaşlar daha müasir və rahat mənzillərlə təmin olunur, qayğıya ehtiyacı olanlara yeni evlər verilir, müasir yaşayış binaları tikilir. Naxçıvan şəhərində yeni yaşayış binasının istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.

Ali Məclisin Sədri deyib: Vaxtilə Sovetlər Birliyi dövründə ölkəmizdə, eləcə də muxtar respublikada mənzillər mərkəzdə təsdiq olunmuş standart layihələr əsasında tikilir, arxitektura quruluşu nəzərə alınmırdı. Lakin bu gün Azərbaycan müstəqil dövlətdir. Müstəqilliyin bəhrələrindən biri də müasir arxitektura üslubunda yaşayış binalarının tikilməsi, insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Son illər Naxçıvan şəhərində yeni yaşayış kompleksləri tikilib istifadəyə verilmişdir. Hazırda “Gənclər şəhərciyi”nin tikintisi davam etdirilir. Bu gün istifadəyə verilən bina müasir arxitektura həllinə malikdir. Binada hər biri 180-190 kvadratmetr olan 32 mənzil, birinci mərtəbəsində isə xidmət sahəsi yaradılmaqla 58 yeni iş yeri açılmışdır.

Ali Məclisin Sədri binanın tikintisində əməyi olanlara təşəkkür edib, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 10 mərtəbədən ibarət olan binada 32 mənzil vardır. Dördotaqlı mənzillərdən 16-nın sahəsi 180, 16-nın sahəsi isə 190 kvadratmetrdir. Mənzillərdə fərdi istilik və mərkəzi antenna sistemi quraşdırılıb, daimi su və optik kabel xətti çəkilib. İsti, soyuq və rütubətə davamlı izolyasiya qatına malik olan binanın birinci mərtəbəsində mağaza, zirzəmidə isə anbar və avtomobil dayanacağı yerləşir. Binada 2 sərnişin və 1 yük lifti istifadəyə verilib. Yanğın təhlükəsizliyi məqsədilə hər mərtəbə su hidrantı ilə təchiz olunub, ehtiyat çıxış nərdivanları qoyulub.

Ali Məclisin Sədri binanın birinci mərtəbəsindəki mağazaya baxıb. Qeyd olunub ki, ümumi sahəsi 687 kvadratmetr olan mağazada ərzaq məhsullarının və gündəlik tələbat mallarının satışı həyata keçirilir, aptek fəaliyyət göstərir. Burada muxtar respublikada istehsal olunan məhsullarla yanaşı, xarici ölkələrdə istehsal edilən və mənşə sertifikatı olan məhsullar da satışa çıxarılır.

Ali Məclisin Sədri yerli məhsullara üstünlük verilməsi və satışa çıxarılan məhsulların keyfiyyətinə nəzarət olunmasının vacibliyini bildirib.

Binanın həyətində də abadlıq işləri aparılıb, avtomobil dayanacağı yaradılıb.

Naxçıvan şəhərindəki çoxmənzilli

yaşayış binaları yenidən qurulur

Naxçıvan şəhərində mövcud yaşayış binalarının yenidən qurulması davam etdirilir. Bu sahədə görülən işlər çərçivəsində Naxçıvan şəhərinin “İstiqlal” küçəsindəki 93 və 99 nömrəli ictimai yaşayış binaları əsaslı şəkildə yenidən qurulub.

Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binalarda görülən işlərlə maraqlanıb.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan yaşayış binalarının hər birində 34 mənzil yerləşir. Əvvəllər bu yaşayış binalarında lazımi kommunal-məişət şəraiti yox idi. 3 girişi olan binaların özülü möhkəmləndirilib, fasad və dəhlizlər yenidən qurulub, mənzillərin hər birinin sahəsi 30 kvadratmetr artırılıb. Binalarda qapı və pəncərələr, su, kanalizasiya, elektrik, qaz və rabitə xətləri də dəyişdirilib, mərkəzi antenna sistemi qurulub.

Hər iki binanın həyətində də abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

Ali Məclisin Sədri Naxçıvan şəhərindəki qəzalı vəziyyətdə olan digər yaşayış binalarının yenidən qurulmasının davam etdirilməsi barədə tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.