REGİONLAR
Naxçıvan: taxıl biçininə hazırlıq başa çatıb
Naxçıvan, 14 iyun, AZƏRTAC
Muxtar respublikada torpaq mülkiyyətçilərinin müasir texnikalar, mineral gübrələr və suvarma suyu ilə təmin edilməsi, onlara güzəştli şərtlərlə kreditlərin verilməsi, eyni zamanda, dövlət tərəfindən ayrılmış yardımlar aqrar sektorun kompleks inkişafına səbəb olub. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, kənd təsərrüfatı bitkilərinin əkin strukturunda əhəmiyyətli dəyişikliklər baş verib, istehsal həcmi artıb, məhsuldarlıq yüksəlib. Artıq əhalinin əksər kənd təsərrüfatı məhsullarına olan tələbatını yerli istehsal hesabına ödəmək mümkündür.
Ərzaq təhlükəsizliyinin təmin olunmasında taxılçılıq müstəsna əhəmiyyətə malikdir. Bunun nəticəsidir ki, Naxçıvanda əkinçiliyin vacib sahəsi olan dənli bitkilərin, xüsusilə taxıl və qarğıdalının istehsal həcminin intensiv metodlarla artırılmasına mühüm əhəmiyyət verilir. Əkin sahələrində aparılmış müşahidələr göstərir ki, bu il taxıl zəmilərində bol məhsul yetişdirilib. Məhsulun vaxtında və itkisiz yığılması məqsədilə muxtar respublikada taxıl biçini kampaniyasına hazırlıq işləri başa çatdırılıb.
Bu il muxtar respublika üzrə 31 min 632 hektar sahədə taxıl biçini aparılacaq ki, bunun da 22 min 268 hektarı buğda, 9 min 364 hektarı isə arpa əkinləridir. Muxtar respublika üzrə taxıl biçini üçün nəzərdə tutulmuş 108 kombayndan 16-da təmir işləri davam etdirilir. Təmirdə olan kombaynların 1-i “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə, 15-i isə fiziki və hüquqi şəxslərə məxsusdur. Hazırda taxıl biçininin optimal müddətdə keyfiyyətlə başa çatdırılması üçün 92 taxılbiçən kombayn, 125 traktor qoşqusu, 250 presvuran, 80 özüboşaldan avtomaşın saz vəziyyətə gətirilib. Taxıl biçinində iştirak edəcək kombaynların 22-si “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə, 70-i isə fiziki və hüquqi şəxslərə məxsus texnikalardır.
Taxıl biçinində iştirak edəcək kombayn, maşın və mexanizmlərin ahəngdar işləməsini təmin etmək məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən zəruri ehtiyat hissələri alınıb gətirilib. Bundan başqa, Naxçıvan şəhərindəki ehtiyat hissələrinin satışı bazarı mağazalarında da lazımi hissələr mövcuddur.
Taxıl zəmilərində yanğın təhlükəsizliyi qaydalarına riayət olunması ilə bağlı kombaynçılar arasında maarifləndirmə tədbirləri aparılıb, bütün kombaynlar yanğınsöndürmə balonları ilə təchiz edilib. Yığılmış taxılın “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tədarükü ilə bağlı hazırlıq işləri başa çatdırılıb. İstehsalçılardan buğdanın hər kiloqramının 30, arpanın hər kiloqramının isə 25 qəpikdən qəbulu nəzərdə tutulub.
Artıq muxtar respublikada yaz əkinləri başa çatdırılıb. Hazırda əkin sahələrində aqrotexniki qaydada becərmə tədbirləri aparılmaqla yanaşı, tərəvəz, kartof məhsullarının toplanılması və ot biçini davam etdirilir. Bostan-tərəvəz əkini sahələrində zərərvericilərə və alaq otlarına qarşı mübarizə tədbirlərində istifadə üçün muxtar respublikaya ümumi miqdarı 509 kiloqram olan 4 adda bitki mühafizə dərmanları (pestisid) gətirilib. Gətirilmiş preparatların 150 kiloqramı əkin sahələrində aparılmış fitopatoloji və entomoloji müşahidələrin nəticələri əsasında əvəzsiz olaraq sahibkarlara verilib. Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi və rayon bazalarında kənd təsərrüfatının zərərvericilərinə qarşı istifadə olunan dərman preparatlarının satışı təşkil olunub. Muxtar respublikanın əkin sahələrində mütəxəssislər tərəfindən mütəmadi olaraq müşahidələrin aparılması davam etdirilir. Müşahidələr zamanı karantin obyektləri aşkar edilərsə, onlara qarşı kimyəvi mübarizə tədbirlərinin aparılması üçün Kənd Təsərrüfatı Nazirliyinin anbarında kifayət qədər dərman preparatları var.
Görülən tədbirlər bu il məhsulun itkisiz yığılmasına imkan verəcək.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu