REGİONLAR
Naxçıvan: təhsil müəssisələrində bədən tərbiyəsi və idman dərslərinə diqqət artırılır
Naxçıvan, 23 yanvar, AZƏRTAC
Naxçıvan Dövlət Texniki Kollecində təhsil müəssisələrində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti, qarşıda duran vəzifələr müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərlərinin və fiziki tərbiyə müəllimlərinin iştirakı ilə keçirilən iclasda muxtar respublikanın təhsil naziri Məmməd Qəribov çıxış edərək 2017-ci il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, müşavirədə Təhsil Nazirliyinin qarşısına bir sıra vəzifələr qoyulub. Həmin vəzifələrin yerinə yetirilməsi məqsədilə nazirlik tərəfindən tədbirlər planı tərtib edilib.
Məmməd Qəribov muxtar respublikada idman sahəsində görülən tədbirlərdən və əldə olunan nailiyyətlərdən danışıb. Qeyd olunub ki, muxtar respublika məktəblərində idman dərslərinin lazımi şəkildə tədrisi üçün hərtərəfli şərait yaradılıb. Amma buna baxmayaraq, bu sahədə hələ də nöqsanlar qalmaqdadır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən monitorinqlər, eyni zamanda, Naxçıvan Televiziyasının apardığı çəkilişlər nəticəsində məlum olur ki, istər uşaq-gənclər idman məktəblərində, istərsə də ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin və idman məşğələlərinin tədrisinə ciddi yanaşmayan məktəb rəhbərləri və fiziki tərbiyə müəllimləri var.
Bildirilib ki, hələ də bir sıra uşaq-gənclər idman məktəblərində idman yarışlarının planlı və davamlı olaraq keçirilməsinə laqeyd münasibət bəslənilir. Bütün bunlar fiziki tərbiyə dərslərinin keyfiyyətinə mənfi təsir göstərir. Şagirdlərin fiziki tərbiyə və idman sahəsinə marağının bəzi hallarda aşağı düşməsinə səbəb olan amillərdən biri də ümumtəhsil məktəblərində bu fənnin lazımi səviyyədə tədris edilməməsidir. Bir çox hallarda müəllimlər dərsləri ənənəvi üsulla tədris edir, dərsin mərhələlərinə diqqət yetirmir, informasiya texnologiyalarından istifadə etmirlər. Məktəb rəhbərləri fiziki tərbiyə fənninin tədrisinə laqeyd yanaşır, bir sıra hallarda isə fiziki tərbiyə dərslərinin yerinə digər fənlər tədris olunur. Şagirdlər idman dərslərindən kənarda qalırlar. Bu fənni tədris edən müəllimlərin açıq dərsləri keçirilmir və idmanın inkişafına dair məsələlər pedaqoji şuralarda müzakirə olunmur.
Təhsil naziri bu istiqamətdə tapşırıqlar verərək qeyd edib ki, təhsil şöbələri və təhsil müəssisələrinin rəhbərləri şahmat və idmanın inkişafı sahəsində tədbirləri daha da genişləndirməli, fiziki tərbiyə dərslərinin keyfiyyətli tədrisinə və şagirdlərin fiziki hazırlığının yüksəldilməsinə, ümumtəhsil məktəblərində idman tədbirlərinin keçirilməsinə, idman yarışlarının təşkilinə diqqəti artırmalı, mövcud nöqsanların aradan qaldırılması üçün ciddi səy göstərməlidirlər.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib. Çıxış edənlər təhsil müəssisələrində bədən tərbiyəsi və idmanın tədrisi ilə bağlı məlumat veriblər.
İclasda bu sahədə görüləcək işlər üzrə tədbirlər planı müzakirə olunaraq təsdiq edilib.