REGİONLAR
Naxçıvan: xüsusi qayğıya ehtiyacı olan məktəblilərə qış geyim dəstləri verilib
Naxçıvan, 5 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlara, eləcə də aztəminatlı ailələrin uşaqlarına qış geyimləri verilib.
AZƏRTAC xəbər verir ki, muxtar respublikanın rayonlarında keçirilən tədbirlərdə, ümumilikdə, 407 məktəbliyə qış geyimi paylanılıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təşkil olunan tədbirdə təhsil naziri Məmməd Qəribov, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək muxtar respublikada təhsilin inkişafından, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlbindən, problemlərinin həlli istiqamətində görülən işlərdən bəhs ediblər.
Tədbir iştirakçıları sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Muxtar respublika üzrə distant tədrisə cəlb olunan sağlamlıq imkanları məhdud 24 uşağa qış geyimi evlərində təqdim edilib.
Bu kateqoriyadan olan uşaqlar daim dövlətimizin hərtərəfli qayğısı əhatəsindədirlər. Onların sağlam böyümələri, təhsil almaları, cəmiyyətə inteqrasiyaları, habelə asudə vaxtlarını səmərəli keçirmələri istiqamətində muxtar respublikada davamlı tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu kateqoriyadan olan uşaqların müasir dövrün tələbləri səviyyəsində təhsil almasına, cəmiyyətə daha fəal inteqrasiyasına geniş imkanlar yaradıb. Dövlət Proqramının icrası ilə bağlı Bilik Günü ərəfəsində yuxarıda adıçəkilən kateqoriyalardan olan uşaqlara məktəbli forması, çantası və dərs ləvazimatları təqdim olunub.