REGİONLAR
Naxçıvana dair bannerlər dövlət orqanlarının internet resurslarında yerləşdirilib
Naxçıvan, 25 oktyabr, AZƏRTAC
Muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların hazırlanması və internetdə yerləşdirilməsi məqsədilə tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 91 dövlət orqanının saytında Naxçıvan portalının və Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytının bannerləri yerləşdirilib və keçidlər verilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, Naxçıvan Turizm İnformasiya Mərkəzinin internet səhifəsi 3 dildə – Azərbaycan, rus və ingilis dillərində yenidən işlənib, muxtar respublikanın turizm imkanlarını əks etdirən materiallarla zənginləşdirilib.
Muxtar respublikada turizmin inkişafında rol oynayan xalq sənətkarlığının müxtəlif sahələri inkişaf etdirilib, sənətkarlar üçün lazımi şərait yaradılıb. Ağacişləmə, misgərlik, papaqçılıq, dulusçuluq, xəttatlıq və digər sənət sahələri tarixən bu torpaqda böyük inkişaf yolu keçib. Mədəniyyət və Turizm Nazirliyi muxtar respublika sənətkarları ilə müqavilələr bağlayaraq suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması və satışını təşkil edib. Ötən dövrdə nazirliyin “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə 5 min 460 manatlıq 410 əl işi satılıb. “Nахçıvаn Biznеs Mərkəzi” MMC tərəfindən isə sərgi-satış məqsədilə 192 adda 6 min 639 manat dəyərində əl işi və sənət əsəri qəbul edilib, 77 adda 5 min 663 manat dəyərində əl işləri satılıb.
Muxtar respublikada taksi fəaliyyəti göstərən sürücülərin muzeylərdə seminar-məlumatlandırma işi davam etdirilib, sürücülər qrup şəklində muzeylərdə olub və maarifləndiriliblər. Taksilərə muxtar respublikanın turizm yerləri, muzeyləri və milli mədəniyyət nümunələrini özündə əks etdirən turist xəritələri və bukletlər yerləşdirilib.
Naxçıvan Turizm İnformasiya Mərkəzi tərəfindən “YouTube”də 600-dən çox məlumat-videoçarx yerləşdirilib və ötən dövrdə 84 min 957 baxış sayı qeydə alınıb. Həmçinin videoçarxlar “Facebook” və “Google+” səhifələrində də yayımlanıb.
Azərbaycanın digər bölgələrində yerləşən turizm informasiya mərkəzlərinə və turizm şirkətlərinə, həmçinin xarici ölkələrə muxtar respublikanın turizm imkanları ilə bağlı materialların göndərilməsi də diqqət mərkəzində saxlanılıb. Belə ki, 27-dən çox xarici ölkəyə, Azərbaycanda fəaliyyət göstərən 150 turizm şirkətinə və bölgələrdə yerləşən 11 turizm informasiya mərkəzinə məlumatlar göndərilib, “Naxçıvan-Şahbuz-Batabat” və “Naxçıvan-Şahbuz-Ağbulaq” turist marşrutlarının hazırlanması ilə bağlı işlər davam etdirilib.
Naxçıvanda kənd yaşıl turizmi üçün geniş potensial var. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2016-cı ilin aprel-avqust aylarında kənd yaşıl turizmin inkişafı ilə bağlı muxtar respublikanın 19 kəndində kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Sərhəd-keçid məntəqələrində, eləcə də Naxçıvan Beynəlxalq Hava Limanında quraşdırılan elektron məlumat lövhələrində turistləri maraqlandıran gömrük məlumatları, Naxçıvan Muxtar Respublikasının görməli yerlərinin fotoslaydları yerləşdirilib, infoköşklərdə Azərbaycan, rus və ingilis dillərində gömrük qanunvericiliyi barədə məlumatlar qoyulub. Həmçinin bütün gömrük orqanlarındakı infoköşklərdə muxtar respublikanın muzeyləri, tarixi abidələri və turizm obyektləri ilə bağlı videoçarxların nümayişi həyata keçirilməkdədir.
Bütün bu işlər bu il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” ilə bağlı keçirilən müşavirədə verilən tapşırıqların icrası məqsədilə hazırlanan tədbirlər planına uyğun olaraq həyata keçirilib.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu