REGİONLAR
Naxçıvana gələn turistlərin sayı artır
Naxçıvan, 22 noyabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr aylarında muxtar respublikaya 328 min 213 turist gəlib. Bu da ötən ilin müvafiq dövründəki göstəricidən 4,8 faiz və ya 15 min 137 nəfər çoxdur.
AZƏRTAC xəbər verir ki, muxtar respublikaya gələn turistlər arasında İran, Türkiyə, Rusiya, Çin, Nigeriya, Almaniya, Amerika Birləşmiş Ştatları, Suriya, Braziliya, Kanada, İndoneziya, Yaponiya, İsveç, Cənubi Koreya, Yunanıstan və başqa ölkələrdən olanlar üstünlük təşkil edir.
Son illər muxtar respublikada turizmin inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib, internet resurslarında qədim diyarın turizm potensialının təbliği sahəsində işlər görülüb, onlarla reklam informasiya materialı buklet şəklində hazırlanaraq çap etdirilib.
Muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin turizm və otelçilik ixtisasları hamiliyə götürülüb, tələbələrin hazırlıq səviyyələrini artırmaq üçün seminarlar təşkil olunub, onların mədəniyyət müəssisələrində və mehmanxanalarda təcrübə keçmələri təmin edilib. Ötən il Bakı şəhərində keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Naxçıvan Muxtar Respublikası 6 otel, 1 turizm müəssisəsi ilə təmsil olunub.
Hazırda muxtar respublikada 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. 1200-dən çox tarix-mədəniyyət abidəsi var. Eyni zamanda, bütün yaşayış məntəqələrini əhatə edən quruculuq işləri, istifadəyə verilən müasir turizm obyektləri turizmin inkişafı üçün geniş imkanlar açır.