REGİONLAR
“Naxçıvanbank”ın Ordubad rayon filialı fəaliyyətə başlayıb
Ordubad, 22 oktyabr, AZƏRTAC
“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Ordubad rayon filialı fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov filialla tanışlıq zamanı burada müasir avadanlıqların quraşdırıldığını, müştərilərə yüksəksəviyyəli bank xidmətlərindən istifadə etmələri üçün hərtərəfli şərait yaradıldığını bildirib.
Qeyd edilib ki, bütün bank xidmətlərinin göstəriləcəyi filialda əhali, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarlar onlara təklif olunan maliyyə resurslarından yararlana biləcək, plastik kartlar, müxtəlif pul köçürmələri, vergi və rüsumların ödənişləri və digər bu kimi maliyyə əməliyyatlarından istifadə etmək imkanı qazanacaqlar. Bundan əlavə, filial tərəfindən cari ildə Ordubadda yeni POS-terminalların quraşdırılması, bankomat şəbəkəsinin yaradılması, digər bank xidmətləri sahəsində nailiyyət əldə etmək əsas məqsəd kimi qarşıya qoyulub.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov yeni filialın fəaliyyətə başlamasını rayonun sosial-iqtisadi həyatında əlamətdar hadisə kimi qiymətləndirərək deyib ki, Naxçıvan Muxtar Respublikasında ötən illərdə həyata keçirilən davamlı islahatlar nəticəsində iqtisadiyyatın möhkəm təməli yaradılıb və sosial-iqtisadi inkişafın dinamikliyi təmin olunub. Bu inkişaf iqtisadiyyatın bütün sahələrini əhatə edir. Əldə edilmiş uğurların təməlində dayanan amillərdən biri də budur ki, muxtar respublikada inkişafa kompleks yanaşma mövcuddur. Ötən dövrdə istehsal sahələrinin inkişafı istiqamətində görülən işlər maliyyə və bank sektorunun inkişafı ilə paralel şəkildə aparılıb. Ordubad şəhərində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin filialının fəaliyyətə başlaması iqtisadiyyatın bütün sahələrində təkanverici rol oynayacaq, əhaliyə göstərilən bank xidmətlərinin keyfiyyəti yüksəldiləcək, nağdsız ödəniş sistemləri inkişaf etdiriləcək.
Qeyd edək ki, hazırda “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin muxtar respublikada 5 filialı fəaliyyət göstərir.