REGİONLAR
Naxçıvanda 4 ayda 687 milyon manatdan çox ümumi daxili məhsul istehsal edilib
Naxçıvan, 25 may, AZƏRTAC
Muxtar respublikada bu ilin yanvar-aprel aylarında 687 milyon 332 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artaraq 1528,8 manata çatıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 315 milyon 220 min 500 manat həcmində məhsul istehsal edilib ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,2 faiz üstələyib.
Bu ilin yanvar-aprel aylarında 36 milyon 919 min 500 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu isə 2016-cı ilin müvafiq dövründəki göstəricidən 2,8 faiz çoxdur. Həmin dövrdə muxtar respublika üzrə diri çəkidə 7 min 447,3 ton ət, 24 min 775,8 ton süd istehsal edilib, bir il öncəyə nisbətdə ət istehsalı 2,4 faiz, süd istehsalı 1,8 faiz artıb.
Yanvar-aprel aylarında muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artaraq 483 milyon 601 min 500 manat, onun hər bir nəfərə düşən həcmi isə 0,1 faiz yüksələrək 1075,6 manat təşkil edib.
Cari ilin yanvar-mart aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 413,9 manat təşkil edib və bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artıb.