REGİONLAR
Naxçıvanda 61 min hektardan çox sahədə əkin aparılıb
Naxçıvan, 21 oktyabr, AZƏRTAC
Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 2016-cı ilin məhsulu üçün muxtar respublikada 61 min 526 hektar sahədə əkin aparılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu da 2015-ci ilin məhsulu üçün əkilmiş sahədən 112 hektar çoxdur.
Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir. Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunur. Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının satışının da həyata keçirilməsi nəzərdə tutulub. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.
Ötən dövrdə muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılıb və 2016-cı ilin məhsulu üçün 31 min 579 hektar sahədə taxıl əkilib ki, bunun da 26 min 792 hektarı payızlıq, 4 min 787 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 26 min 795 hektarında buğda, 4 min 784 hektarında isə arpa əkilib. Cari ildə taxıl zəmilərindən 94 min 117 ton məhsul toplanıb.
Taxılla yanaşı, qarğıdalı əkini üzrə də maarifləndirici tədbirlər həyata keçirilib, məhsulun vaxtında toplanılması üçün müvafiq texnikalar alınaraq muxtar respublikaya gətirilib. 2016-cı ilin məhsulu üçün muxtar respublikada 1758 hektar sahədə qarğıdalı əkini aparılıb ki, bu da bir il öncəki göstəricidən 676 hektar çoxdur. Oktyabrın 1-nə 1372 hektar qarğıdalı zəmilərindən 10 min 451 ton məhsul yığılıb. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Hazırda məhsul yığımı davam edir.
Tələbata uyğun olaraq kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılıb. 2016-cı ildə 3 min 53 hektar sahədə kartof əkini aparılıb. Bu, ötən il əkilmiş sahədən 86 hektar çoxdur. Oktyabrın 1-nə 3 min 7 hektar sahədən 45 min 711 ton kartof yığılıb ki, bu da bir il öncəki göstəricini 1,7 faiz üstələyir.