REGİONLAR
Naxçıvanda 719 milyon manatlıqdan çox sənaye məhsulu istehsal olunub
Cari ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında 719 milyon 129 min manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 1,3 faiz çoxdur.
Muxtar respublikanın Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, sənaye məhsulu istehsalının 95,8 faizi malların, 4,2 faizi isə xidmətlərin payına düşür. Dövlət sektorunda 49 milyon 92 min manatlıq, qeyri-dövlət sektorunda isə 670 milyon 37 min manatlıq sənaye məhsulu istehsal edilib. İstehsal olunan məhsulun 93,2 faizi özəl sektorun payına düşür.
Cari ilin ötən doqquz ayı ərzində muxtar respublikada dövlət dəstəyi ilə 36 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilib. İqtisadi fəaliyyətin müxtəlif sahələrində daha 45 layihə üzrə istehsal və xidmət obyektlərinin qurulması davam etməkdədir.
Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərib. Hesabat dövründə daxili tələbatdan artıq istehsal edilən 202 milyon 461 min ABŞ dolları dəyərində sənaye məhsulu ixrac olunub.