SİYASƏT
Naxçıvanda Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumu keçirilib
Naxçıvan, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də Naxçıvan şəhərində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumu keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumunun iştirakçılarını və qonaqları salamlayıb, təşkilatçılara təşəkkürünü bildirərək deyib: Memarlıq elə bir sahədir ki, özündə hər bir xalqın yaşayış tərzini, sənətkarlıq xüsusiyyətlərini, adət-ənənələrini, inanc və dəyərlərini yaşadır. Xalqımızın milli dəyərlərini əks etdirən Azərbaycan memarlıq məktəbi uzun bir dövr ərzində formalaşmışdır. Ölkəmizdə memarlığın inkişafı bir tərəfdən xalqımıza məxsus qədim mədəniyyət və sənətkarlıq ənənələri ilə bağlıdırsa, digər tərəfdən bu yurdun ilk insan məskənlərindən biri kimi təşəkkül tapması ilə əlaqədardır. Bu amili nəzərə alan ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Azərbaycan memarlıq sənətinin qədim və zəngin ənənələri vardır. Memarlarımızın yaratdığı daş salnamələr - şəhərlər, körpülər, abidələr xalqımızın mənəvi zənginliyini əks etdirməklə yanaşı, dünya mədəniyyəti tarixinin parlaq səhifələrini təşkil edir”.
Ali Məclisin Sədri deyib: Naxçıvanda da memarlıq sənəti özünəməxsus inkişaf yolu keçmişdir. Bu ərazidəki antik, orta əsrlər və müasir dövr maddi-mədəniyyət nümunələri, tarixi abidələr memarlığın müxtəlif dövrlərdəki inkişafından xəbər verir. Hazırda muxtar respublika ərazisində 1200-dən artıq tarixi abidə pasportlaşdırılaraq qeydə alınmışdır ki, onların da 500-dən çoxu ölkə və dünya əhəmiyyətlidir. Naxçıvanda antik dövrdən inkişaf edən memarlıq sənəti XII əsrdə özünün intibah mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə memar Əcəmi Əbubəkir oğlu Naxçıvaninin fəaliyyəti Naxçıvan memarlıq məktəbinin formalaşmasında mühüm rol oynamışdır. Təsadüfi deyil ki, tədqiqatçılar XII əsri Azərbaycanda intibahın iki istiqaməti üzrə dəyərləndirirlər. Bunlardan biri ədəbiyyatdırsa, digəri memarlıqdır. Həmin dövrdə dahi Nizami Gəncəvinin yaradıcılığı Azərbaycan ədəbiyyatı sahəsində yeni bir mərhələ kimi qiymətləndirilmişdirsə, dahi Əcəmi Naxçıvani sənəti də memarlıq sahəsində mühüm bir istiqamət və məktəb kimi qəbul olunmuşdur. Əcəmi irsi mədəniyyət tariximizə əbədi həkk olunmuşdur. Onun sənəti nəinki Azərbaycan, ümumilikdə Yaxın Şərq memarlığına güclü təsir göstərmişdir. Əcəminin Naxçıvanda ucaltdığı Yusif Küseyir oğlu və Möminə Xatın türbələri orta əsrlər xatirə memarlığının ən uğurlu nümunələridir.
Qeyd olunub ki, Naxçıvan memarlıq məktəbinin digər istiqamətlərindən biri də tarixən burada ucaldılmış qalalardır. Qalalar müdafiə tikililəri olmaqla yanaşı, həm də şəhərsalma mədəniyyətinin mühüm elementi kimi də böyük dəyərə malikdir. Bu gün muxtar respublika ərazisindəki Oğlanqala, Çalxanqala, Əlincə qalası, Naxçıvanqala kimi memarlıq abidələri təkcə xalqımızın zəngin və çoxəsrlik dövlətçilik ənənələrini yox, həm də qədim şəhərsalma mədəniyyətini günümüzə qədər gətirib çıxarmışdır.
Ali Məclisin Sədri deyib: Muxtar respublikada tarixi və memarlıq abidələri hərtərəfli qayğı ilə əhatə olunmuşdur. Onlar təkcə tarixilik baxımından tədqiq edilmir. Həm də müasirlik baxımından, memarlıq sənətinin yaşadılması baxımından öyrənilir. Bunun nəticəsidir ki, son illər aparılan genişmiqyaslı tikinti-quruculuq işlərində tarixiliklə müasirlik vəhdətdə götürülür, qədim memarlıq xüsusiyyətləri qorunub saxlanılır və müasir memarlıq elementləri ilə daha da zənginləşdirilir. Həyata keçirilən tikinti-quruculuq işlərində diqqət yetirilən ən vacib məsələlərdən biri də milliliyin qorunub saxlanılması, yerli torpaq, relyef və iqlim xüsusiyyətlərinin nəzərə alınmasıdır. Artıq Naxçıvanda müasir memarlığın ən yaxşı ənənələri ilə tarixi memarlığın sintezini özündə əks etdirən memarlıq məktəbi təşəkkül tapmışdır. Öz sələflərinin zəngin ənənələrini ləyaqətlə davam etdirən naxçıvanlı memarlar yeni axtarışları, tapıntıları və nailiyyətləri ilə bu gün də dəyərli sənət nümunələri yaradırlar.
Memarlıq sənəti daim inkişaf və yeniləşmə tələb edir. Naxçıvan memarlıq sənətinin ən möhtəşəm abidələrindən olan Möminə Xatın türbəsinin baş tağında yazılmışdır: “Biz gedirik, əsər qalır yadigar”. Bu fikirlər müasir dövrdə də aktualdır. Çünki tikilən hər bir bina əslində bu günümüzü gələcəyə çatdıran memarlıq abidəsi, memarlarımızın gələcək nəsillərə yadigarıdır. Ona görə də hər bir memar öz yaradıcılığında xalqımıza məxsus olan qədim tikinti və şəhərsalma mədəniyyətinə, milli memarlıq ənənələrinə üstünlük verməli, ölkəmizin müasir inkişafı ilə ayaqlaşan memarlıq nümunələri yaratmalıdır.
Ali Məclisin Sədri Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin növbəti Plenumunun muxtar respublikada keçirilməsinə mühüm əhəmiyyət verdiyini vurğulayıb, təşəbbüskarlara və təşkilatçılara təşəkkürünü bildirib, bu tədbirin Naxçıvan memarlıq məktəbi ilə yaxından tanış olmaq, memarlar arasında yaradıcılıq ünsiyyəti yaratmaq və təcrübə mübadiləsi aparmaq baxımından faydalı olacağına inamını ifadə edib, Azərbaycan memarlarına öz işlərində uğurlar arzulayıb.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə çıxış edərək deyib ki, bu gün ölkəmizdə müasir memarlığın inkişafı ilə yanaşı, tarixi irsimizin qorunub saxlanılması və tanıdılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir, şəhər və qəsəbələrin arxitektura quruluşu və memarlıq siması daha da zənginləşdirilir. Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən memarlıq sənətinin inkişafına göstərilən qayğının daha bir ifadəsidir.
Qeyd olunub ki, Naxçıvan qədim Azərbaycan torpağıdır. Burada memarlıq sənətinin inkişafı bir çox istiqamətlərdə özünü göstərir. Bu gün Naxçıvan memarlıq məktəbi tarixi irsə və ənənələrə əsaslanaraq inkişaf etdirilir. Muxtar respublikanın şəhər, rayon və kəndlərində istifadəyə verilən yeni obyektlər müasir dövrün memarlıq abidələridir. Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumunun Naxçıvanda keçirilməsi memarlıq sənətinin inkişafına öz töhfəsini verəcək, müsbət nəticələr əldə olunacaqdır.
Elbay Qasımzadə memarlığın inkişafına göstərilən diqqətə görə Azərbaycan memarları adından minnətdarlıq edib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun sektor müdiri Rahibə Əliyeva “Naxçıvanın tarixi memarlıq məktəbi - Əcəmi Naxçıvani”, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov “Naxçıvan şəhərlərinin şəhərsalma perspektivləri haqqında” və Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov “Naxçıvan Muxtar Respublikası şəhərlərinin müasir inkişaf yolu” mövzularında çıxış ediblər.
Sonra Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumunun qərarı oxunub.
Qərara əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçilib.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə Ali Məclisin Sədrinə Memarlar İttifaqının fəxri üzvlük diplomunu təqdim edib.
Plenumun qərarında Azərbaycan Memarlar İttifaqının Naxçıvan Bölməsinin yaradılması da öz əksini tapıb. Həmçinin memarlıq sənətinin inkişafındakı xidmətlərinə görə naxçıvanlı memarlardan Cəmil Quliyev, Aysel Məmmədova və Əliqulu Sadiqov Azərbaycan Memarlar İttifaqının fəxri fərmanı ilə təltif olunub, Kamil Süleymanov, Qabil Cəfərov və Hicran Rüstəmov isə Azərbaycan Memarlar İttifaqına üzv seçiliblər.
Tədbirdə Beynəlxaq Memarlar İttifaqı Assosiasiyasının keçirdiyi müsabiqənin qaliblərinə də diplomlar təqdim olunub.
Sonda Plenum iştirakçıları “Qədim və müasir Naxçıvan memarlığı” adlı filmə baxıblar.