SİYASƏT


Naxçıvanda Azərbaycan Vətən Müharibəsi iştirakçılarına yeni mənzillər və minik avtomobilləri təqdim olunub

A+ A

Naxçıvan, 4 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində sağlamlıq imkanları məhdud olan 4 nəfər Azərbaycan Vətən Müharibəsi iştirakçısına yeni mənzillər və Azərbaycan Vətən Müharibəsinin iştirakçısı olan iki nəfərə isə “Naz-Lifan 320” markalı minik avtomobilləri təqdim edilib.

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov tədbirdə çıxış edərək deyib ki, şəhid ailələrinin və müharibə əlillərinin yaşayış şəraitinin yaxşılaşdırılması, onlara sosial xidmət göstərilməsi diqqət mərkəzindədir. 2016-cı ilin birinci yarısında 5 müharibə əlili və şəhid ailəsi mənzillərlə təmin edilib, məhdud fiziki imkanlı 132 nəfərə müxtəlif sanatoriya və pansionatlara göndərişlər, 148 nəfərə texniki bərpa vasitələri verilib, 117 nəfərin bərpa mərkəzlərində, 6 nəfərin isə xarici ölkələrdə müalicələri təşkil edilib. Eyni zamanda 170 nəfərə protez-ortopedik xidmət göstərilib. Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin təhsili, əmək bazarına inteqrasiyası və yaradıcılıq potensiallarının aşkar edilməsi də diqqət mərkəzində saxlanılır. Sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçıları və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların tibbi və sosial bərpası istiqamətində ardıcıl tədbirlər görülür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni mənzillə və avtomobillə təmin olunanlara xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə təşəkkür edərək deyib: Bu gün mənzil və avtomobil təqdim olunan şəxslər vaxtilə vətən qarşısında xidməti borclarını layiqincə yerinə yetirmiş, bu yolda sağlamlıqlarını itirmişlər. Ona görə də müvafiq kateqoriyadan olan insanlar ölkəmizdə xüsusi imtiyaza malikdirlər. Onlara dövlətimiz tərəfindən yeni mənzillər və minik avtomobilləri verilir. Bu gün də sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçılarından 4-ü yeni mənzillə, 2-i isə minik avtomobili ilə təmin olunur. Bütün bunlar vətən qarşısında xidməti borclarını layiqincə yerinə yetirən insanlara dövlətimiz tərəfindən göstərilən qayğıdır. Eyni zamanda bu şəxslərin vətən yolunda göstərdikləri xidmətlər digər insanlar üçün də nümunədir.

Ali Məclisin Sədri deyib: Bu gün mənzil və avtomobil təqdim olunan insanlar yalnız bir amal - Vətən yolunda xidmət etmişlər. Ona görə də müvafiq kateqoriyadan olan insanlar ölkəmiz və xalqımız qarşısındakı xidmətlərinə görə bundan sonra da dövlətimizin himayəsi və qayğısı altında yaşayacaqlar.

Ali Məclisin Sədri yeni mənzillə və avtomobillə təmin olunanlara təbriklərini çatdırıb, mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib, onlara firavan həyat arzulayıb.

Mənzillə təmin olunan Şəmil Babayev çıxış edərək deyib: Muxtar respublikada insanların həyat səviyyəsi günbəgün yaxşılaşır. Bunu biz - Vətənimizin azadlığı və ərazi bütövlüyünün qorunması zamanı sağlamlığını itirənlər, şəhid ailələri də gündəlik həyatımızda hiss edirik. Bizə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir. Müharibə əlilləri, şəhid ailələri mənzillə təmin olunur, minik avtomobilləri verilir, müalicələrinə köməklik göstərilir. Son illər muxtar respublikada şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması artıq ənənəyə çevrilib. Ailəmizin mənzillə təmin olunacağını eşidəndə çox sevindik. Şəmil Babayev gözəl şəraitli mənzillə təmin olunduqlarına görə müharibə əlilləri adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçılarına verilən üç və ikiotaqlı mənzillər Şərur rayonunun Yengicə, Babək rayonunun Nehrəm, Kəngərli rayonunun Böyükdüz və Sədərək rayonunun Sədərək kəndlərində yerləşir. Yeni tikilən mənzillərin hər birində lazımi kommunal-məişət şəraiti yaradılıb. Həmçinin mənzillə təmin olunanlara xalça hədiyyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.