REGİONLAR
Naxçıvanda Azərbaycan təhsil siyasətinin prioritetlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Naxçıvan, 16 dekabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) keçirilən “Azərbaycanda təhsil siyasətinin prioritetləri: müasir yanaşmalar” adlı beynəlxalq elmi konfransda bu sahədə əldə edilən nailiyyətlərdən söhbət açılıb.
AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Təhsil İnstitutunun, NDU-nun və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqları salamlayaraq son onillikdə ölkədə təhsil sahəsində aparılan köklü islahatlardan, həyata keçirilən müxtəlif layihələrdən söz açıb. Rektor, həmçinin Naxçıvan Dövlət Universitetinin keçdiyi inkişaf yolu və beynəlxalq əlaqələri haqqında məlumat verib.
Təhsil İnstitutunun direktor müavini, dosent Ənvər Abbasov “Təhsilin yeni məzmununun yaradılması problemi” adlı məruzəsində bildirib ki, hazırda təhsilin məzmunu və təlimin təşkilinə verilən tələblərdə ciddi yeniləşmə və müasirləşdirmə prosesləri gedir. Elmi-texniki tərəqqinin, ümummədəni səviyyənin, istehsalın və ümumiyyətlə, cəmiyyətin inkişafı ilə əlaqədar olaraq təhsilin məqsədi və bu məqsədlərə çatmaq üçün təhsilin məzmununa qoyulan tələblər də dəyişir. Ənvər Abbasov iştirakçıları “təhsil məzmunu” və “yeni təhsil məzmunu” anlayışlarının oxşar və fərqli xüsusiyyətləri, pedaqoji anlayışların semantikasında baş verən yerdəyişmələr və yeniliklər haqqında məlumatlandırıb.
“Pedaqoji tədqiqatlara verilən tələblər təhsil siyasətinin prioriteti kimi” adlı məruzəsində Təhsil İnstitutunun təhsil nəzəriyyəsi şöbəsinin müdiri, professor İntiqam Cəbrayılov pedaqoji tədqiqatların düzgün aparılma qaydaları haqqında ümumi məlumat verib və bu sahədə rast gəlinən nöqsanları diqqətə çatdırıb.
Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasının müdiri, professor Şahin Tağıyev “Fənlərarası əlaqə məktəblilərin hərbi xidmətə hazırlanmasında başlıca vasitələrdən biri kimi” adlı məruzəsində təmsil etdiyi tədris ocağında bu məsələ ilə bağlı uzun illər aparılan geniş tədqiqatlar və onların nəticələri haqqında danışıb.
Konfrans işini on bölmə üzrə davam etdirib.