REGİONLAR
Naxçıvanda “Banklarda risklərin idarə edilməsi” mövzusunda seminar keçirilir
Naxçıvan, 10 iyun, AZƏRTAC
Naxçıvan Biznes Mərkəzində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası İdarəsinin və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə “Banklarda risklərin idarə edilməsi” mövzusunda seminar işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən keçirilən seminarda muxtar respublikada fəaliyyət göstərən bank qurumlarının rəhbərləri və mütəxəssisləri iştirak edirlər. Bank işçiləri arasında geniş maraq doğuran seminarda risklərin mahiyyəti, kredit riskləri, əməliyyat, imic və strateji risklər, bazar və likvidlik riskləri, risklərin idarə edilməsi sistemləri modulları üzrə təqdimatlar keçirilir, diskussiyalar aparılır.
Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev bildirib ki, seminarın keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bank əməkdaşlarına risklərin idarə olunmasında yeni praktikanın tətbiqini mənimsətmək, risklərin minimumlaşdırılması sahəsində daha səmərəli alətlərin tətbiqi imkanlarını birgə müzakirə etməkdir. Mütəxəssis onu da vurğulayıb ki, əslində, muxtar respublikada, bütövlükdə, kredit risklərinin idarə olunmasında çox yaxşı təcrübə var. Belə ki, ölkəmizdə geri qaytarılmasında problemlər olan kreditlərin həcmi, ümumilikdə, 9 faizdən yuxarı olsa da, Naxçıvanda bu rəqəm 1 faizdən də aşağı səviyyədədir. Bu da, öz növbəsində, muxtar respublikada kredit risklərinin idarə edilməsi üzrə işlərin yaxşı təşkil olunduğundan xəbər verir. Məlumdur ki, bu gün ölkəmizdə ən aşağı faiz dərəcəli kreditlər məhz Naxçıvanda təklif olunur. Təcrübə göstərir ki, yüksək faiz dərəcəli kreditlər daha riskli olur. Bununla yanaşı, ayrı-ayrı banklarda risk idarə edilməsi üzrə hələ də müəyyən çətinliklərin olması, bankların Naxçıvan əhalisinə daha geniş bank xidmətləri göstərə bilməsi baxımından bu seminarın əhəmiyyəti yüksəkdir.
Azərbaycan Bank Tədris Mərkəzinin direktoru onu da bildirib ki, Azərbaycan Bank Tədris Mərkəzi risklərin idarə edilməsi üzrə ölkəmizdəki digər banklara təlim və məsləhət xidmətləri verir, bu sahədə əldə olunmuş müsbət təcrübənin bölüşdürülməsinə, yeni texnologiyaların tətbiqinə çalışır. Ona görə də Naxçıvanda təşkil olunmuş bu tədbir bank sektoru kimi çevik uyğunlaşma tələb olunan bir sahədə risklərin idarə edilməsində daha çox biliklər əldə olunması baxımından faydalıdır. Bütün bunlar isə bankların gəlirlərinin artırılması, müştəri xidmətlərinin yaxşılaşması və insan resurslarının hazırlanması üçün zəruridir.