REGİONLAR
Naxçıvanda Bəhruz Kəngərlinin doğum günü münasibətilə rəsm sərgisi təşkil olunub
Naxçıvan, 23 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Azərbaycanın milli rəsm sənətinin tanınmış simalarından biri, ilk realist fırça ustası Bəhruz Kəngərlinin doğum günü münasibətilə rəsm sərgisi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə muxtar respublkanın Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva rəssamın həyat və yaradıcılığı barədə ətraflı söhbət açaraq Azərbaycan realist rəssamlıq məktəbinin inkişafında, istedadlı rəssamlar nəslinin yetişməsində Bəhruz Kəngərlinin xüsusi yeri və əhəmiyyətli rolu olduğunu bildirib.
Digər çıxış edənlər də rəssamın həyatı və yaradıcılığı barədə sərgi iştirakçılarına məlumat veriblər. Qeyd olunub ki, incəsənətimizdə realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin müstəqil janr kimi formalaşması məhz Bəhruz Kəngərlinin adı ilə bağlıdır.
Sonra sərgi iştirakçıları görkəmli sənətkarın yaradıcılıq yolundan bəhs edən videoçarxa baxıblar.
Muxtar respublika rəssamlarının Bəhruz Kəngərli irsini təbliğ edən rəsm əsərlərindən ibarət sərgi də maraqla qarşılanıb.
Bəhruz Kəngərlinin portretini xalça üzərinə ilmələrlə işləyən Rəssamlar Birliyinin gənc üzvü Türkanə Musayeva deyib ki, əsər iki aylıq zəhmətin bəhrəsidir və Ülviyyə Həmzəyevanın yaratdığı eskiz əsasında toxunub.
Sərgi iştirakçıları Bəhruz Kəngərli adına Rəssamlar Parkına gələrək görkəmli rəssamın əziz xatirəsini ehtiramla yad ediblər.
Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı bildirib ki, bu gün təkcə rəssamların deyil, bütün sənətsevərlərin bayramıdır. O qeyd edib ki, Bəhruz Kəngərli irsinin təbliği, rəssama verilən ən böyük qiymətdir. Bir qərinəlik ömründə əbədiyaşar əsərlərə həyat verən, incəsənət tariximizin unudulmayan nümayəndəsinə çevrilən Bəhruz Kəngərli gələcək nəsillər üçün zəngin yaradıcılıq nümunəsini özündə ehtiva edən rəssamlıq məktəbi yaradıb.