REGİONLAR
Naxçıvanda Hüseyn Cavid Poeziya Günü qeyd edilib VİDEO
Naxçıvan, 24 oktyabr, Rauf Əliyev, AZƏRTAC
Hüseyn Cavidin yenidən xalqımıza və ədəbiyyatımıza qaytarılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Məhz 1982-ci ildə Ulu Öndərin təşəbbüsü və qətiyyəti nəticəsində onun məzarı sürgün olunduğu Rusiyanın İrkutsk vilayətindən doğulub boya-başa çatdığı Naxçıvana köçürülüb. Bu fakt keçmiş Sovet İttifaqı məkanında repressiya olunmuş şəxsə dövlət səviyyəsində göstərilən münasibətin yeganə cəsarətli nümunəsi idi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Hüseyn Cavid Poeziya Günü münasibətilə oktyabrın 24-də Naxçıvan şəhərində keçirilən tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə şair-dramaturqun şəhərin mərkəzində ucaldılan məqbərəsini ziyarət ediblər.
Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyində keçirilən tədbiri açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova deyib ki, bu gün istər poeziyada, istərsə də dramaturgiyada orijinallığı ilə seçilən, Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrindən olan Hüseyn Cavidin anadan olmasından 134 il ötür. Hüseyn Cavid 1937-ci ilin iyun ayında günahsız yerə həbs olunaraq, “gizli millətçi əks-inqilabi təşkilat”da iştirak bəhanəsi ilə səkkiz illik həbs cəzasına məhkum edilib. Həmin ildən onun bütün əsərlərinə qadağa qoyulsa da, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərindən başlayaraq Cavidin əsərləri nəşr olunmağa başlayıb, rus dilində 2 cildliyi işıq üzü görüb. Azərbaycanın şəhər və rayonlarında yubiley tədbirləri təşkil olunub, əsərləri respublikamızın teatrlarında səhnəyə qoyulub, adına küçələr, məktəblər, kitabxanalar verilib.
Bildirilib ki, 1992-ci il oktyabrın 23-də Naxçıvanda Hüseyn Cavidin 110 illik yubileyi təntənəli şəkildə qeyd edilib. Həmin dövrdə Naxçıvanda Ali Məclisin Sədri işləyən Ümummilli Liderimiz yubiley tədbirində Hüseyn Cavid haqqında dərin məzmunlu nitq söyləyib. Görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra da Cavid şəxsiyyətinə, irsinə, ailəsinə diqqət və qayğısını əsirgəməyib. 1995-ci il iyunun 10-da ulu öndər Heydər Əliyevin yanında keçirilmiş müşavirədə görkəmli şair-dramaturq Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə bağlı məsələlər geniş müzakirə olunub. Ümummilli Liderin ən böyük arzularından biri 1996-cı il oktyabrın 29-da həyata keçib. Həmin gün Naxçıvanda böyük sənətkarın məqbərəsinin təntənəli açılış mərasimi olub. Bu mərasim Hüseyn Cavidə qayğı və məhəbbətin təntənəsi idi.
Ulu Öndərin “Hüseyn Cavidin anadan olmasının 120 illiyinin qeyd olunması haqqında” 2002-ci il 23 oktyabr tarixli Sərəncamı sübut edir ki, görkəmli dövlət xadimi Heydər Əliyev böyük sənətkarın irsinin öyrənilməsinə həmişə diqqətlə yanaşıb”, – deyən Natəvan Qədimova vurğulayıb ki, bu Sərəncam Cavid şəxsiyyətinə və yaradıcılığına tükənməz məhəbbətin bariz ifadəsidir. Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidin ev-muzeyinin yaradılması, 1993-cü ildə Bakıda ucaldılan Hüseyn Cavidin abidəsi görkəmli ədibə dövlət qayğısının parlaq ifadəsidir.
Diqqətə çatdırılıb ki, Ulu Öndərimizin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin 2007-ci il aprelin 17-də və 2012-ci il fevralın 16-da imzaladığı Hüseyn Cavidin 125 və 130 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar dahi sənətkara göstərilən dövlət qayğısının davamı kimi qiymətləndirilməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yubileylə bağlı 2007-ci il 15 may və 2012-ci il 20 fevral tarixli sərəncamlarla təsdiq etdiyi tədbirlər planlarına əsasən, qədim diyarımızda yubiley tədbirləri yüksək səviyyədə təşkil olunub, muxtar respublikanın ali, orta ixtisas və ümumtəhsil məktəblərində “Hüseyn Cavid” dərsləri keçilib, elmi konfranslar və simpoziumlar təşkil edilib. Həmçinin Naxçıvan Dövlət Musiqili Dram Teatrında Hüseyn Cavidin “Şeyx Sənan” əsəri tamaşaya hazırlanıb, “Naxçıvan” jurnalının bir nömrəsi ədibin 130 illik yubileyinə həsr olunub. Ali Məclis Sədrinin 2007-ci il mayın 15-də imzaladığı Sərəncamla təsdiq etdiyi Tədbirlər Planında hər il görkəmli şair və dramaturqun anadan olduğu günün – oktyabrın 24-nün muxtar respublikada “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilməsi də öz əksini tapıb.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Asim Əliyevin “Hüseyn Cavidin həyat və yaradıcılığı”, Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi Hüseyn Həşimlinin “Hüseyn Cavidin poeziyası”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi Elxan Məmmədovun “Azərbaycan ədəbiyyatının söz və fikir dahisi – Hüseyn Cavid” mövzularında çıxışları olub. Çıxışlarda ulu öndər Heydər Əliyevin Cavid şəxsiyyətinə, irsinə, ailəsinə göstərdiyi qayğıdan geniş söhbət açılıb, böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi üçün dövlət səviyyəsində görülən işlər qeyd edilib, Cavid irsinə göstərilən diqqətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ifadə olunub.
Tədbir bədii hissə ilə davam etdirilib.
Sonda tədbir iştirakçıları Hüseyn Cavidin ev-muzeyinin ekspozisiyası ilə tanış olublar.