SİYASƏT


Naxçıvanda İran İslam İnqilabının 38-ci ildönümü qeyd olunub

Naxçıvan, 10 fevral, AZƏRTAC

Fevralın 10-da İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən İran İslam Respublikasının yaranmasının 38-ci ildönümü - İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının və İran İslam Respublikasının Dövlət himnləri səsləndirilib, “Qurani-Kərim”dən ayələr oxunub.

İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom çıxış edərək ölkəsinin keçdiyi inkişaf yolundan danışıb. Qeyd olunub ki, 1979-cu ildə yaranan İran İslam Respublikasında ötən dövrdə bütün sahələrdə inkişaf əldə olunub. Bu gün İran İslam Respublikası dünya ölkələri, eləcə də Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə səmərəli əməkdaşlıq qurub. İranın yaxın vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələr ilbəil genişlənir. Həyata keçirilən tədbirlər əməkdaşlıq üçün yeni istiqamətlər açır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının yaranmasının 38-ci ildönümü – İslam İnqilabı Günü münasibətilə dost və qardaş İran xalqını təbrik edib, İran dövlətinə inkişaf və tərəqqi arzulayaraq deyib: Xalqlarımızı qədim tarix və ortaq dəyərlər birləşdirir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan-İran əlaqələrinin müştərək dəyərlər əsasında inkişafına çalışırdı. Dahi şəxsiyyətin əsasını qoyduğu dostluq və qonşuluq münasibətləri bu gün xalqlarımızın iradəsinə uyğun olaraq davam və inkişaf etdirilir, qarşılıqlı əməkdaşlıq genişlənir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında yaranmış əməkdaşlıq münasibətləri Azərbaycan-İran əlaqələrinin genişlənməsində mühüm əhəmiyyətə malikdir. Mövcud imkanlardan səmərəli istifadə əlaqələrimizin inkişafı üçün möhkəm zəmin yaradıb. Gömrük-keçid məntəqələrinin fəaliyyəti, iqtisadi-ticarət, energetika, turizm, təhsil, səhiyyə, idman, kənd təsərrüfatı və nəqliyyat sahəsindəki əlaqələrin dinamikası məmnunluq doğurur.

Ali Məclisin Sədri əlaqələrimizin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini bildirib və çıxışını ümummilli lider Heydər Əliyevin fikirləri ilə tamamlayıb: “Azərbaycanın və İranın tarixi keçmişi, ölkələrimizin coğrafi vəziyyəti, dövlətlərimizin bugünkü siyasəti bizi bundan sonra da daha sıx əməkdaşlığa dəvət edir.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.