REGİONLAR


Naxçıvanda “İsinsin azacıq bu daş duyğular” adlı fərdi rəsm sərgisi açılıb

A+ A

Naxçıvan, 14 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda rəssam Kirman Abdinin “İsinsin azacıq bu daş duyğular” adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, muxtar respublika Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən qrafik sərgi Xalq Şairi Məmməd Arazın poeziyasına həsr olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva sərgiyə təqdim olunan əsərlərin əhəmiyyətindən söz açıb, muxtar respublikada rəssamlıq sənətinə, eləcə də Məmməd Araz irsinə göstərilən dövlət qayğısından danışıb.

Ülviyyə Həmzəyeva deyib ki, rəssamın sərgidə nümayiş olunan 60-dək əsəri görkəmli şairin yaradıcılığını əhatə edir. Məmməd Araz şəxsiyyətinə, poeziyasına və fəlsəfəsinə Azərbaycan təsviri sənət aləmində çox az rəssamlar müraciət edib. Doğrudan da, Məmməd Araz poeziyasının və yaradıcı təxəyyülünün bədii görüntüsünü və bədii estetik obrazını yaratmaq, ilk növbədə, rəssamdan xüsusi məsuliyyət tələb edir. Rəssamın Məmməd Araz poeziyasının Vətən haraylı çağırışlarını özündə əks etdirən bədii sərgisinin təşkil olunması təqdirəlayiq haldır.

Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Asim Yadigar çıxış edərək Məmməd Araz yaradıcılığının zənginliyindən danışıb. Vurğulayıb ki, onun yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişafında mühüm mərhələ təşkil edir və gəncliyin mədəni-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşması baxımından müstəsna əhəmiyyətə malikdir.

Böyük sənətkarın zəngin ədəbi fəaliyyətinin Azərbaycan poeziyasına bir-birindən dəyərli sənət inciləri bəxş etdiyini bildirən Asim Yadigar rəssamın öz əsərlərində Məmməd Araz yaradıcılığını mükəmməl şəkildə canlandırmasını yüksək qiymətləndirib.

Rəssam Kirman Abdin sərginin təşkil edilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib, sərgiyə böyük maraq göstərilməsindən məmnunluğunu ifadə edib. O deyib ki, mənim üçün Məmməd Araz yaradıcılığı hər zaman maraqlı olub. Onun yaradıcılığına üç aspektdən yanaşmağa – həyata gülən, həyatda qəm çəkən və həyatda düşünən Məmməd Arazı göstərməyə çalışmışam. Qrafik üslubda Məmməd Araz poeziyasına müraciət etmək bir müəllif olaraq məndən məsuliyyət tələb edirdi. Sevinirəm ki, zəhmətim öz bəhrəsini verib və bu əsərlər Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda nümayiş olunur.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə ədibin “Zamandan məkana”, “Dünya sənin, dünya mənim”, “Şəhriyar gəlmədi”, “Düşüncələr”, “Bir ürək sındırdım, bir qız ürəyi”, “Xətainin qılıncını suvardım”, “Biz qapı açmışıq öz eşqimizə” və sair poetik misralarına həsr olunmuş qrafik sənət əsərləri yer alıb.

Sərgi oktyabrın 16-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.