REGİONLAR
Naxçıvanda İtirilmiş əşyaların sahibinə çatdırılması xidməti yaradılıb
Naxçıvan, 30 yanvar, AZƏRTAC
“Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində İtirilmiş əşyaların sahibinə çatdırılması xidməti fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov çıxış edərək, xidmətin heç bir rüsum tələb edilmədən tam humanitar məqsədlə yaradıldığını bildirib. Muxtar respublikada hazırda 172 poçt məntəqəsinin fəaliyyət göstərdiyini deyən nazir qeyd edib ki, bu məntəqələr bütün yaşayış ərazilərini əhatə edir. Poçt məntəqələrinə əhalinin bütün təbəqələrinin tez-tez müraciət etdiyini nəzərə alsaq, İtirilmiş əşyaların sahibinə çatdırılması xidmətinin “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyətə başlaması ən uyğun variantdır. Belə ki, vətəndaşlar tərəfindən tapılan əşyalar həmin bölgədəki ən yaxın poçt məntəqəsinə təhvil verilə bilər. Təhvil verilən əşyalar poçt bölməsində müvafiq kitablarda təlimata uyğun qeydiyyata alınır. Əşyasını itirənlər isə əşyanı itirdiklərini güman etdikləri əraziyə yaxın poçt məntəqəsinə və ya “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin İtirilmiş əşyaların sahibinə çatdırılması xidmətinin 225 nömrəli “qaynar xətt”inə zəng edib məlumat ala bilərlər. Əgər əşya tapılıbsa, əşya sahibi poçt məntəqəsinə şəxsiyyətini təsdiq edən sənədlə yaxınlaşıb təlimata uyğun olaraq ona məxsus əşyanı təhvil ala bilər.
Nazir diqqətə çatdırıb ki, vətəndaşlar “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin www.naxcivanpoct.az internet saytında “İtirilən əşyaların qeydiyyatı” bölməsində fərdi qaydada tapdıqları, yaxud itirdikləri əşyalar haqqında məlumat yerləşdirə bilərlər. Bunun üçün saytda iki alt bölmə yaradılıb. Əşyanı tapanlar, yaxud itirənlər xüsusi müraciət formasını dolduraraq tam məlumatı saytın administratoruna göndərirlər. Məlumat yoxlandıqdan sonra saytın “Tapılan əşyalar”, yaxud “İtən əşyalar” alt bölməsinə yerləşdirilir. Eyni zamanda, poçt məntəqəsinə təhvil verilən əşyalar da qeyd olunan saytın “Tapılan əşyalar” alt bölməsinə yerləşdirilir.
Vurğulanıb ki, 225 nömrəli telefon xətti həftənin 5 günü iş saatlarında vətəndaşların xidmətindədir.
“Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İlqar Sadiqov elektron lövhə vasitəsilə “Naxçıvanpoçt” MMC-nin rəsmi internet saytında “İtirilən əşyaların qeydiyyatı” bölməsi, onun quruluşu və iş prinsipi haqqında ətraflı məlumat verib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının nümayəndələrinin, eləcə də “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin rayon filiallarının məsul şəxsləri iştirak ediblər.