SİYASƏT
Naxçıvanda “Kənd təsərrüfatı ili”nin ilk iməciliyi keçirilib
Naxçıvan, 4 aprel, AZƏRTAC
Ekoloji mühitin qorunması insanların sağlam həyat şəraitində yaşamasına xidmət edir. Bu səbəbdən də muxtar respublikada yaşıllaşdırma tədbirləri mütəmadi olaraq davam etdirilir, yaşıllıq zolaqlarının sahəsi genişləndirilir, ətraf mühit qorunur. İnsanlara, təbiətə qayğı hissi aşılayan yaşıllaşdırma tədbirləri, xüsusilə iməciliklərin keçirilməsi həm də kənd təsərrüfatının mühüm qolu olan meyvəçiliyin inkişafına təkan verir. Təkcə ötən il muxtar respublikada 440 mindən çox ağac əkilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 4-də Naxçıvan Muxtar Respublikasının şəhər, rayon və kəndlərində 2015-ci ilin ilk iməciliyi keçirilib, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri yaşıllaşdırma tədbirlərində iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivləri Naxçıvan şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin ətrafındakı ərazidə iməcilik keçiriblər. İməcilik zamanı 3 hektardan artıq sahədə 2500 ədəd müxtəlif meyvə tingi əkilərək suvarılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, yeni meyvə tingləri əkib, muxtar respublikada ağac əkinlərinin davam etdirilməsi barədə tapşırıqlar verib.