REGİONLAR
Naxçıvanda “Kitab bilik mənbəyidir” adlı layihə həyata keçirilir
Naxçıvan, 5 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Kitab bilik mənbəyidir” devizi altında keçirilən layihənin məqsədi kitabxanalara oxucu cəlbinin artırılması, kitaba marağın yüksəldilməsidir.
Bunun üçün muxtar respublikanın təhsil müəssisələrində sərgilər təşkil edilir, oxucu-kitabxana əlaqələri gücləndirilir. Sonda fəal oxucuların, kitabxana işinin təşkilində fərqlənən məktəb və kitabxanaçıların mükafatlandırılması nəzərdə tutulub.
İlk olaraq muxtar respublikanın Təhsil Nazirliyində, Naxçıvan şəhər 4, 7 və 17 nömrəli tam orta məktəblərdə sözügedən layihə ilə əlaqədar sərgilər təşkil edilib.
Naxçıvan Qızlar Liseyində təşkil olunmuş sərgidə həm də milli geyimlər, tikmələr, Naxçıvan xalçaçılıq məktəbinə aid kitab və xalçalar sərgilənib.
Naxçıvan Qarnizonunun tam orta məktəbinin kitabxanasında isə viktorina keçirilib.
Qeyd edək ki, 2005-ci ildən indiyədək ümumtəhsil məktəblərinə 2 milyon 354 min 711 nüsxə dərslik verilib. Bunun da 202 min 468 nüsxəsi muxtar respublikaya 2016-cı ilin avqust-sentyabr aylarında gətirilib. Bu gün muxtar respublikanın təhsil müəssisələrinin kitabxanalarında 627 min 643 nüsxə latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat, jurnal və məcmuə var.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu