REGİONLAR


Naxçıvanda Məmmədhüseyn Təhmasibin 110 illik yubileyinə həsr olunan kitab çapdan çıxıb

Naxçıvan, 19 iyul, AZƏRTAC

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən “Taleyi və sənəti” layihəsi çərçivəsində “Məmmədhüseyn Təhmasib: taleyi və sənəti” məqalələr toplusu işıq üzü görüb.

Akademiyanın Naxçıvan Bölməsinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin tərtibatı, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimovun rəyi ilə oxucuların ixtiyarına verilən sayca on birinci məqalələr toplusu görkəmli folklorşünas alim, professor Məmmədhüseyn Təhmasibin 110 illik yubileyinə həsr edilib.

Kitabda Azərbaycan folklorşünaslığının inkişafında, folklorşünaslar nəslinin yetişməsində böyük xidmətləri olan Məmmədhüseyn Təhmasibin (1907-1982) həyat və çoxcəhətli ədəbi fəaliyyəti, zəngin yaradıcılığı və ədəbiyyat tariximizdə əvəzsiz xidmətlərindən bəhs edən 18 fundamental araşdırma yer alıb.

Yeni nəşrdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Professor Məmmədhüseyn Təhmasib - folklor nəzəriyyəçisi”, akademik İsmayıl Hacıyevin “Təhmasiblər və Məmmədhüseyn Təhmasib”, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Professor Məmmədhüseyn Təhmasibin həyat və yaradıcılığının ümumi mənzərəsi” və digər tədqiqatçıların məqalələri öz əksini tapıb. Məqalələrdə görkəmli folklorşünas alimin folklorşünaslıqla bağlı tədqiqatları, nəsr, dram əsərləri, aktyorluq, pedaqoji fəaliyyəti əhatəli şəkildə işıqlandırılıb.

Qeyd edək ki, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsində 2006-cı ildən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü, məsləhəti və elmi redaktorluğu ilə işıq üzü görən “Taleyi və sənəti” məqalələr toplusunun əvvəlki nəşrləri Məhəmməd ağa Şahtaxtlıya, Hüseyn Cavidə, Cəlil Məmmədquluzadəyə, Eynəli bəy Sultanova, Əliqulu Qəmküsara, Məmməd Cəfər Cəfərova, Məmməd Səid Ordubadiyə, Məhəmməd Tağı Sidqiyə, Əziz Şərifə və Məmməd Araza həsr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.