REGİONLAR
Naxçıvanda Paralimpiya Federasiyası idmançılarının Ağbulaq İstirahət Mərkəzinə tur-aksiyası təşkil olunub
Naxçıvan, 18 iyul, AZƏRTAC
Fiziki imkanları məhdud idmançıların Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundakı Ağbulaq İstirahət Mərkəzinə tur-aksiyası təşkil edilib. İdmançılar iki gün ərzində mərkəzdə müxtəlif yarışlarda iştirak edib, gəzməli-görməli yerlərlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, tur-aksiya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.
Mərkəzdə Paralimpiya Federasiyasının idmançılarını təşkilatçı qurumların nümayəndələri qarşılayıblar. Onlara mərkəz haqqında geniş məlumat verilib. Proqrama uyğun olaraq idmançılar üçün müxtəlif idman oyunları təşkil edilib. Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olan və “Ağbulaq” bulağına yürüş edən idmançılara vətənpərvərlik mövzusunda sənədli film nümayiş etdirilib.
İstirahətin ikinci gününə səhər gimnastikası ilə başlayan fiziki imkanları məhdud idmançılar əyləncəli oyunlarda iştirak edib, vətənpərvərlik mövzusunda mahnılar dinləyiblər. Nahar yeməyindən sonra idmançıların Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahətinə yekun vurulub və onlar Naxçıvan şəhərinə qayıdıblar.