REGİONLAR
Naxçıvanda “Peritonitlər” kitabının təqdimatı olub
Naxçıvan, 25 noyabr, AZƏRTAC
Səhiyyə işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində görülən işlər sırasında muxtar respublikada tibb elminə dair yeni kitabların nəşri mühüm əhəmiyyət kəsb edir və yaradılmış elmi mühit müxtəlif sahələrdə sanballı tədqiqat əsərlərinin meydana gəlməsinə şərait yaradır.
AZƏRTAC xəbər verir ki, həkim-cərrah, tibb üzrə fəlsəfə doktoru, dosent İsa Abdullayevin qarın boşluğu orqanlarının və onun qişalarının iltihabının müalicə üsullarından bəhs edən “Peritonitlər” kitabının Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilən təqdimat mərasimində bu məsələ xüsusi vurğulanıb.
Muxtar respublikanın səhiyyə naziri Niyazi Novruzov bildirib ki, son illər səhiyyənin tarixinə aid kitabların, dərslik və monoqrafiyaların təqdimatı artıq ardıcıl xarakter alıb. Həkim-cərrah İsa Abdullayevin “Peritonitlər” kitabı da bu qəbildəndir.
Səhiyyə naziri kitabın məziyyətlərindən danışıb, müəllifi təbrik edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov qeyd edib ki, müstəqil Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu bütün istiqamətlərdə uğurla davam etdirilir. Muxtar respublikada elə bir sahə tapmaq mümkün deyil ki, o, inkişafdan, tərəqqidən kənarda qalsın. Tarixi saxlanılmaqla müasirləşən Naxçıvanda bütün sahələr, o cümlədən səhiyyə, təhsil, elm durmadan inkişaf edir. Bu inkişafın nəticəsidir ki, səhiyyə sistemi tamamilə yenidən qurulub, əhalinin sağlamlığının qorunması diqqətdə saxlanılıb, səhiyyə müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılıb, bir sözlə, müasir səhiyyə infrastrukturu yaradılıb.
Bildirilib ki, muxtar respublika səhiyyəsində dünya tibb elminin nailiyyətlərinin və müasir avadanlıqların tətbiqi səhiyyə işçilərinin bilik səviyyəsinə olan tələbləri artırıb. Muxtar respublikada ali və orta ixtisas tibb təhsilinə, eləcə də səhiyyə işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dövlət qayğısı bu sahənin inkişafına böyük töhfə verib, səhiyyə xidmətini yaxşılaşdırıb. Naxçıvanda ilk dəfə böyrək köçürülməsi, yemək borusunun plastikası, süni oynaq köçürülməsi, açıq ürək, göz və digər bu kimi əməliyyatların həyata keçirilməsi muxtar respublikada səhiyyə xidmətinin səviyyəsini əks etdirir. Əvvəllər bu əməliyyatları Türkiyə Respublikasından və Bakı şəhərindən dəvət olunan yüksəkixtisaslı mütəxəssislər aparırdısa, bu gün həmin əməliyyatlar Naxçıvan həkimləri tərəfindən də həyata keçirilir.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasında həkimlərin bilik və bacarıqlarının artırılmasında səhiyyənin aktual problemlərinə həsr olunan yeni kitabların nəşrinin də böyük əhəmiyyəti vardır. Sevindirici haldır ki, bu prosesdə muxtar respublikanın alim və mütəxəssisləri fəallıq göstərir, yaradılmış şəraitdən səmərəli istifadə edirlər. Onlar elmi araşdırmalar aparır və təcrübi biliklərini ümumiləşdirərək kitab halında nəşr etdirirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu cür fəaliyyəti dəstəkləyir, elmi dəyəri yüksək olan kitabların təqdimatını, ictimaiyyətə çatdırılmasını diqqətdə saxlayır. “Peritonitlər” kitabının təqdimatı da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında keçirilir.
Rəhman Məmmədov “Peritonitlər” kitabının müəllifi, tibb üzrə fəlsəfə doktoru İsa Abdullayevə təşəkkürünü bildirib, ona yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra tibb üzrə fəlsəfə doktoru, dosent Cəbi İsmayılov “Peritonitlər” kitabının elmi və praktik əhəmiyyəti”, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim anestezioloq-reanimatoloqu Bəxtiyar Hüseynov “Peritonitlər” kitabının tədris vəsaiti kimi əhəmiyyəti” mövzularında çıxış ediblər.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi Cərrahiyyə şöbəsinin müdiri, həkim-cərrah, tibb üzrə fəlsəfə doktoru, dosent İsa Abdullayev müəllifi olduğu monoqrafiyanı muxtar respublikada yaradılmış elmi mühitin bəhrəsi kimi dəyərləndirib, fəaliyyətinə və yaradıcılığına verilən yüksək qiymətə görə minnətdarlığını bildirib.