REGİONLAR
Naxçıvanda “Stomatoloji praktikada multidissiplinar yanaşma” mövzusunda müzakirələr aparılıb
Naxçıvan, 8 noyabr, AZƏRTAC
Muxtar respublikada stomatologiya sahəsində əldə edilən yeni nailiyyətlər bu sahənin inkişafına, ixtisaslı kadr potensialının artırılmasına lazımi diqqət yetirildiyini göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Stomatoloji praktikada multidissiplinar yanaşma” mövzusunda keçirilən elmi-praktik simpoziumda səsləndirilib.
Simpozium Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin və Azərbaycan İmplantoloq İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdən əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Elmi-praktik simpoziumda çıxış edən Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bildirib ki, insan amili, onun layiq olduğu səviyyədə yaşamasının təmin edilməsi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm tərkib hissələrindən biridir. Muxtar respublikada səhiyyə sisteminin yenidən qurulması, müasir dünya standartlarına uyğunlaşdırılması bu xidməti keyfiyyətcə daha da yaxşılaşdırıb, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması, sağlamlığa mənfi təsir edən amillərin aradan qaldırılması, ana və uşaqların, ahıl vətəndaşların sağlamlığının qorunması işində əsaslı dönüş yaradılıb. Kəndlərdə tikilib istifadəyə verilən həkim ambulatoriyalarının hər birində müasir stomatoloji kabinələrin yaradılması da bu mənada xüsusi əhəmiyyət daşıyır.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxışında qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsində stomatologiya ixtisasının açılması bu sahədə ixtisaslı kadrların hazırlanmasında xüsusi əhəmiyyət daşıyır.
Vurğulanıb ki, Naxçıvan Dövlət Universitetinin Türkiyə universitetləri ilə stomatologiya sahəsində də əlaqələri ilbəil genişlənir. Bu universitetlərlə aparılan tələbə mübadiləsi yüksəkixtisaslı kadrların yetişdirilməsində mühüm rol oynayır.
Tədbirdə Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, Bakı şəhərində fəaliyyət göstərən “İmplandent” klinikasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənov ənənəvi Naxçıvan simpoziumları və onların əhəmiyyəti barədə danışıb, “Gündəlik stomatoloji praktikada implantasiyanın zəruri yeri” mövzusunda məruzə edib.
Sonra Türkiyənin Samsun 19 May Universitetinin doktorantları Elçin Abbasovun, Taha Özyürəkin, Naxçıvan Dövlət Universitetinin Əczaçılıq və stomatologiya kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərovun, Rusiyanın Sankt-Peterburq Hərbi Tibb Akademiyasının doktorantı Gündüz Yaqubovun və Culfa rayonunun Əbrəqunus kənd həkim ambulatoriyasının həkim-stomatoloqu Rəşad Xəlilovun məruzələri dinlənilib.
Simpoziumda videosüjetlər, implantasiya prosesindən görüntülər nümayiş etdirilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.
Sonda tədbir iştirakçılarına bukletlər paylanılıb.