REGİONLAR


Naxçıvanda Türkiyənin Zəfər Bayramı qeyd olunub

A+ A

Naxçıvan, 31 avqust, AZƏRTAC

Avqustun 30-da Türkiyə Respublikasının Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Mirhəşim Seyidov rəsmi qəbulda çıxış edərək deyib: Qardaş Türkiyənin inkişafı və demokratik cəmiyyət quruculuğu yolundakı uğurları bizi qəlbən sevindirir. Azərbaycan ilə Türkiyə xalqları tarixən bir yerdə olmuşlar. Bu gün də bir yerdədirlər. Ölkələrimiz arasındakı dostluq və inam xalqlarımızın rifahına, ölkələrimizin gələcək inkişafına xidmət edir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər xalqlarımızın dərin tarixi kökləri olan, əsrlərin sınağından çıxmış dostluğundan, qarşılıqlı etibarından və etimadından qaynaqlanır”.

Ali Məclis Sədrinin müavini Türkiyə Respublikasının Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, qardaş Türkiyə xalqına inkişaf və əmin-amanlıq arzulayıb.

Türkiyənin Naxçıvandakı Baş konsulu Nihat Ərşən çıxış edərək Türkiyə Respublikasının Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Gününün tarixindən, Mustafa Kamal Atatürkün rəhbərliyi ilə aparılan milli istiqlal mübarizəsindən və ölkəsinin müasir inkişafından danışıb, Türkiyənin dost və qardaş Azərbaycanla ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini bildirib. Ölkələrimiz arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının rolundan bəhs edən baş konsul bu əlaqələrin ilbəil genişləndirildiyini diqqətə çatdırıb.

Tədbirdə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə Respublikasının Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbriki oxunub.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.