REGİONLAR
Naxçıvanda “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016” davam edir
Şərur, 7 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin birgə layihəsi olan “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi - 2016”nın əsas turunun VII mərhələsi Şərur rayonunda keçirilib.
AZƏRTAC xəbər verir ki, Şərur rayon ictimaiyyətinin böyük maraq göstərdiyi müsabiqədə aparıcılar əsas turun VII mərhələsində iştirak edən ifaçılar haqqında qısa məlumat verib, onların VI mərhələdə topladıqları ballar bir daha elan olunub.
Sonra müsabiqə iştirakçılarının ifasında bir-birindən gözəl xalq mahnıları səsləndirilib. Fərman Allahverdiyev, Rəşad Nəcəfov, İlham Məmmədov və Yusif Hacıyevin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Münsiflər heyəti iştirakçılara təklif və məsləhətlərini verərək, onların ifalarını 10 ballıq sistemlə qiymətləndiriblər.
Qeyd edək ki, bu il aprelin 29-dan başlayan müsabiqənin son mərhələsi dekabr ayında Naxçıvan şəhərində keçiriləcək. Yekun konsertdən sonra müsabiqə qalibləri mükafatlandırılacaqlar.