REGİONLAR


Naxçıvanda aztəminatlı ailələrin məşğulluğu diqqət mərkəzində saxlanılır

Naxçıvan, 14 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən iyunun 14-də Şərur, Babək, Ordubad və Culfa rayonlarından olan və uzun müddət ünvanlı dövlət sosial yardımı alan 15 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün “Simmental” cinsli inəklər verilib.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək deyib ki, Azərbaycan Respublikasında sosial sahədə aparılan dövlət siyasətinin əsas istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Naxçıvan Muxtar Respublikasında ailələrin maddi və mənəvi tələbatlarının ödənilməsi, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Aztəminatlı ailələrin, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələrinin mənzillə, avtomobillərlə təminatı diqqətdə saxlanılır, onların sosial müdafiəsi gücləndirilir. Ailələrin rifahının təmin olunmasında məşğulluğun rolu danılmazdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” işaxtaranların səmərəli məşğulluğuna, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açıb.

Vurğulanıb ki, dövlət proqramına əsasən muxtar respublikada ailələrin özünüməşğulluğunun təmin edilməsi ilə əlaqədar ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılması da diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən uzun müddət ünvanlı dövlət sosial yardımı alan ailələrə fərdi təsərrüfatlarını qurmaq üçün müvafiq köməklik göstərilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə Şərur, Babək, Ordubad və Culfa rayonları üzrə aztəminatlı 15 ailə müəyyənləşdirilib, onlar üçün müvafiq kurs təşkil edilib. Bu gün isə həmin ailələrin hər birinə bir baş cins inək veriləcək.

Azər Zeynalov ailələri təbrik edib, dövlət tərəfindən onlara göstərilən bu dəstəkdən səmərəli yararlanacaqlarına, ailə təsərrüfatlarını genişləndirəcəklərinə əminliyini bildirib.

Culfa rayon Yaycı kənd sakini Esmira Rəcəbova göstərilən qayğıya görə minnətdarlığını bildirib, ailə təsərrüfatından səmərəli yararlanacaqlarına söz verib.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.